Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi.
1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər.
Onların ümumi sayı 42 nəfərdir. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb.
Xatırladaq ki, Azərbaycanın müstəqillik illərində ilk dəfə (1991) bu ada layiq görülən qadın Birinci Qarabağ müharibəsi şəhidi Salatın Əsgərovadır. 1993-cü ildə isə həkim, eyni zamanda döyüşçü Gültəkin Əsgərovaya Milli Qəhrəman adı verilib. Hökümə Əliyeva Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı adına layiq görülüb. Aydan Rəhimli isə ilk “Rəşadət” ordeniilə təldif edilib.
Azərbaycan tarixi qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, təyyarəçilər, hətta sərkərdələr, döyüşçülər də olub. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımız haqqında məlumat verilib.
Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, böyük hünər, ağıl və mətanət göstərmişdi. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.
Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb.
Türk dünyasının igidi Koroğlunun Nigarı onun həm xanımı, həm silahdaşı olub.
1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb.
Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşüb.
İkinci Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. L.Məmmədbəyovanın 6 uşağından 4-ü yetkinlik yaşına çatmadığına görə onun Böyük Vətən müharibəsində iştirakına icazə verilmir, lakin o, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. 1981-ci ildə müharibə iştirakçısı kimi “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adına layiq görülüb.
Digər həmyerlimiz - Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. Bakı təyyarəçilər klubunun yetirməsi olan S.Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq edib, 1949-1968-ci illərdə Zabrat aeroportunda işləyib. Keçmiş SSRİ Ali Sovetinin deputatı seçilib, orden və medallarla təltif edilib.
İlk azərbaycanlı qadın hərbi pilot,Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı olan Züleyxa Seyidməmmədova “Lenin” ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 Qırmızı Əmək Bayrağı və 2 "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Kapitan rütbəli təyyarəçimiz Züleyxa Seyidməmmədova II Dünya müharibəsində qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub. O, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət tərəfindən bir neçə dəfə təltif edilib.
Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşmışdır. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildəII Fəxri xiyabandadəfnolunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. (29 dekabr 2024) —"Qızıl Ulduz" medalı(ölümündən sonra).
Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda Azərbaycan qadınlarının vətənpərvərlik təşəbbüsü diqqətəlayiqdir.
Qəhrəmanlar yurdu olan Azərbaycanın kişilərlə yanaşı, qadın hərbiçiləri də var ki, onlar haqqında hər birimiz qürurla danışmalıyıq. Dövlət statistikasına əsasən Qarabağ müharibəsində iştirak edən qadınların sayı 2533 olub. Onlardan: Gültəkin Məlik qızı Əsgərova 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub. 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanındadəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, içində Salatın Əsgərovanın olduğu Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı avtomaşın atəşə tutulması nəticəsində şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilən Salatın Əsgərova 6 noyabr 1992-ci ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isəAzərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olub. Rəhilə Orucova Milli Orduya könüllü yazılıb. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-dəAğdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olan Rəhilə Orucova mayın 13-dəŞəhidlər Xiyabanında dəfn olunub. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.
Gülbar Heydərova 1965-ci il martın 1-də Füzuli rayonunun Qaraməmmədli kəndində fəhlə ailəsində dünyaya gəlib. Qarabağ müharibəsi başlayanda Gülbar Heydərova könüllü olaraq Füzulidə qurulan özünümüdafiə batalyonuna yazılıb. Gülbar qardaşı Kərimlə birlikdə vuruşurdu. O, döyüşlərdə böyük fədakarlıqlar göstərib. Zabit Rasim İbrahimovun təqdimatı ilə 20 nəfərdən ibarət olan Rabitə xidmətinin rəisi vəzifəsi leytenant Gülbar Heydərovaya tapşırılmışdı. Döyüş əməlliyatları zamanı məhz onun verdiyi dəqiq koordinatlar nəticəsində düşmən mövqeləri darmadağın edilirdi.
Gülbar Heydərova 1993-cü il iyul ayının 24-də qardaşı Kərimlə birgə "UAZ" markalı maşında bir mövqedən digər mövqeyə gedən zaman qarşılarına düşən mərmi partlayışından ağır yaralanıb. Qardaşı Kərim onu hospitala çatdırsa da, boğazından aldığı qəlpə yarasından Gülbar Heydərova şəhid olub.
Şəhid Gülbar Heydərova 24 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 859 nömrəli Sərancamına əsasən, ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Məlahət Nəsibova 1953-cü il martın 30-da Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 2 avqust 1992-ci ildə Ağdərə rayonunun Drambon kəndinin (indiki Kəlbəcər rayonunun Heyvalı kəndi) düşməndən azad edilməsi uğurunda gedən döyüşdə Məlahət Nəsibova qəhrəmancasına həlak olub.
Daxili Qoşunların əməkdaşı olmuş sıravi Könül Qəhrəmanova da şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman xanımlarımızdan biridir. 1992-ci il sentyabrın 30-da Ağdam rayonunun Cinli kəndində baş vermiş döyüş Könülün son döyüşü olub. Düşmən artilleriyasının mövqelərimizə atdığı mərminin partlaması nəticəsində sıravi Könül Qəhrəmanova əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlib. Könül Qəhrəmanovanın adı arxiv sənədlərində Daxili Qoşunlar üzrə “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 272-ci sıra nömrəsi ilə qeyd olunub. Vətənin qəhrəman qızı Şəkidə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Növrəstə Yusifova Qarabağda müharibə başlayanda könüllü döyüşlərə atılan cəsur azərbaycanlı xanımlardan biridir. O Azərbaycanın ilk snayperçi xanımıdır. Dəfələrlə yaralanıb, lakin yenidən döyüşlərə atılıb. 1997-ci ildə bir qrup keçmiş döyüş yoldaşları ilə bərabər “Qarabağ əlilləri və veteranları” Cəmiyyətini təsis edib.
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıdıb, könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Kənddəki 2 nömrəli orta məktəbi bitirib. Arzusu tarixçi olmaq idi. Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. O, 1998-ci il aprelin 30-da vəfat edib.
Solmaz Əliyeva Ağdamda döyüş yolu keçmiş qəhrəman qadınlardan biridir. Kəşfiyyat rotasında snayperçi olan Solmaz xanım atasının xeyir-duası ilə döyüşə yollanıb.
Təranə Orucova Ağdamda gedən gərgin döyüşlərdə ön cəbhədəki tibb bölümünədə tibb bacısı kimi xidmət göstərib. N saylı hərbi hissədəxidmət göstərən Təranə xanım yaralılara kömək etdiyi zaman iki dəfə yaralanıb.
Yazıçı-jurnalist Zemfira Məhərrəmli ön cəbhəyə yollanan azərbaycanlı qadınlardan olub. O, döyüş bölgəsinə yollanaraq baş verən dəhşətləri bütün dünyaya tanıtmaq üçün əlindən gələni edib. Döyüşçü qadınlar haqqında kitab yazıb.
1992-ci ildə könüllü olaraq cəhyə yollanan Səmayə BədəlovaLaçın, Ağdam, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib. Müharibədə fərqləndiyi üçün ona tağım komadiri vəzifəsi verilib.
Kəmalə Məmmədova 1991-ci ildə 18 yaşında könüllü olaraq Qarabağa döyüşə gedib. 1992-ci ildə başından güllə yarası alan Kəmalə Məmmədova 2 ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıdıb. 1993-cü il Murovda gedən döyüşlərdə iştirak edib. Ağdamda döyüş mövqeyindən yaralı əsgər yoldaşlarını xilas edib.
Qarabağın azadlığı uğrunda şəhid döyüşçülər Aidə Şahkərimova, Aytən Abdullayeva, Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova və başqalarının vətənpərvərlik tərbiyəsi gənclərimizə örnəkdir. Azərbaycan gəncliyi qəhrəman qadınlarımızdan örnək götürməlidirlər.
Bəşər tarixində ümumxalqın bir arzusu olub. Azadlıq arzusu. Xalq üçün azadlıqdan şirin, azadlıqdan müqəddəs başqa birarzu olmayıb. Xüsusilə də bütov bir xalqın, millətin azadlıq arzusu… Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş ola…
Bu, azadlıq yolunda ələ silah alıb döyüşmək vətənsevərlikdir. Azərbaycan qadınları kimi.
Dövlətin diqqət və qayğısı nəticəsində bu gün qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.
Qədimdən Atalar “Oğul düşmən çəpəridir” , – deyirlər. Oğlun vəzifəsi, borcu vətənini, ailəsini qorumaqdı. Amma tarixən Azərbaycan qızı, Azərbaycan qadını da xalqın ən ağır məqamlarında “çəpər” olmaqdan çəkinməyib.
Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi hesabına qisasınız yerdə qalmadı Əziz silahdaşlarımız, əziz şəhidlərimiz! Rahat yatın! Ruhunuz şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!
Dilqəm Quliyev,
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin üzvü,
“Azərbaycan bayrağı” mükafatçısı,
"Qızıl qələm" media mükafatçısı