Yanvarın 15-də qadın voleybolçulardan ibarət "Azərreyl” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda "Azərreyl” Rusiyanın "Uraloçka” komandası ilə qarşılaşıb.
Oyun vaxtsız vəfat etmiş məşhur şahmatçımız, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Polşalı baş hakim Marek Laqierskinin idarə etdiyi oyunun ilk hissəsində "Azərreyl” komandası rəqibini 25:22 hesabı ilə məğlub edib. İkinci hissədə inamlı oyun nümayiş etdirən "Uraloçka” komandası 25:23 hesabı ilə qalib gəlib. Rusiya təmsilçisi üçüncü hissəni də öz xeyrinə başa vurub - 25:13. Dördüncü set də "Uraloçka”nın 25:16 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, bu oyunda "Uraloçka” voleybolçularımıza 3:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu yanvarın 22-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.