Ağacan Abiyev AOK-un “Olimpiya çələngi” mükafatı ilə təltif olunub

Ağacan Abiyev AOK-un “Olimpiya çələngi” mükafatı ilə təltif olunub

Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.
 
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Şöhrət” və “Şərəf” ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.
 
Ağacan Qulam oğlu Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub.
 
Ağacan Abiyevin adı ölkəmizin boks tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (1987-2015) ən uzun ömürlü rektoru kimi (28 il) tarixə düşüb.
 
O, həm elm, həm də idman sahəsində böyük uğurlar qazanıb. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, İntizam Komissiyasının sədri vəzifəsində çalışıb. 1984-cü ildən 2009-cu ilə kimi Azərbaycan Boks Federasiyasının prezidenti və daha sonra I vitse-prezidenti (2009-2022) olan Ağacan Abiyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi (1997-2021), Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Texniki Komissiyasının üzvü (1998-2006), Avropa Həvəskar Boks Asossiasiyasının (EİBA) vitse-prezidenti (2002-2012), Ümumdünya Boks Asossiasiyasının İcraiyyə Komitəsinin üzvü (2002-2012) olub. 1998-ci ildən bəri Azərbaycan Milli Olimpiya Akademiyasının prezidentidir. O, SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakimdir. Ağacan Abiyev 1991-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi va İdman xadimi" fəxri adına, 2001-ci ildə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına, 2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb. Ağacan Abiyev  həmçinin Milli Olimpiya Komitəsinin "Olimpiya" və "Şərəf Nişanı" ordenləri ilə mükafatlandırılıb. 
 
O, Afina-2004 Yay Olimpiya Oyunlarında boks üzrə baş hakim, Pekin-2008 Yay Olimpiya Oyunlarında isə boks üzrə beynəlxalq münsiflər heyətinin üzvü olub. Boks üzrə altıqat Azərbaycan çempionudur (1958, 1960, 1961, 1962, 1963, 1964). Ağacan Abiyev boks üzrə Ümumittifaq dərəcəli hakim (1978), Avropa Həvəskar Boks Assosiasiyasının hakimi (1982), Ümumdünya Boks Assosiasiyasının hakimi (1986), EABA-nın hakimlər komissiyasının sədri AİBA-nın icraiyyə komitəsinin üzvü (2002-2012) olub.
 
Ağacan müəllimin elm sahəsində də böyük xidmətləri var. O, 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abiyev Azərbaycanda İdmanın və Olimpiya Hərəkatının kütləviləşməsində və inkişafında mühüm rol oynayıb. O, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Ağacan Abiyev AOK-un “Olimpiya çələngi” mükafatı ilə təltif olunub Ağacan Abiyev AOK-un “Olimpiya çələngi” mükafatı ilə təltif olunub