Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasına martın 1-də yekun vurulub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən assambleyada ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos, Almaniya Milli Olimpiya Komitəsinin prezidenti Tomas Veikertin də iştirakı ilə keçirilən Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılıb.
BOK-un prezidenti Tomas Baxın açılış nitqi ilə başlayan iclasın ilk günündə BOK, AOK və MOKA-nın Təşkilat Komitələrinin hesabatları dinlənilib. Tədbir zamanı Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələri və Milano-Kortina-2026 Qış Olimpiya Oyunları, İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı müzakirələr aparılıb.
AOK-un “Strategiya Gündəliyi – 2030” konsepsiyası iclas iştirakçılarına təqdim olunduqdan sonra Avropa İttifaqının və WADA-nın tibb və antidopinqlə bağlı hesabatları iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir zamanı 2025-2029-cu illər üzrə AOK-un İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib. Seçkilərin nəticələrinə əsasən Spiros Kapralos AOK-un prezidenti, Daina Qudzineviciuten vitse-prezidenti, Karlo Mornati isə AOK-un baş katibi seçilib.
Baş Assambleya zamanı həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 13-cü “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçirilib.
Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunub.
Mükafatlandırılanlar arasında ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyev də yer alıb.
Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalı ilə bağlı hesabatlar təqdim edildikdən sonra Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məsələləri müzakirə olunub. Tədbir zamanı Braşov-2027 Qış və Liqnano Sabbiadoro-2027 Avropa Gənclər Yay Olimpiya festivalları və Kiçik Avropa Dövlətlərinin Oyunlarına hazırlıq planı nəzərdən keçirilib.
Tədbirin sonunda gələn il AOK-un 55-ci Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb.