Komandalarımızdan yarışa uğursuz start

Komandalarımızdan yarışa uğursuz start


Qadın voleybolçular arasında CEV kubokunda mübarizə aparan komandalarımız qüvvələrini sınayıblar. 1/4 final mərhələsinin ilk oyun günündə Bakı klublarından "Lokomotiv” mübarizəyə qoşulub.
Komandamız birinci görüşünü Polşada keçirib. Kladio Kuellonun yetirmələri "Bank Fakro”nun qonağı olublar. Görüşün kifayət qədər gərgin keçəcəyi gözlənilsə də bu belə olmayıb. Doğma meydan amilindən istifadə edən polşalılar 3:0 hesabı ilə qalib gəliblər. Bu, mövsümdə "Lokomotiv”in CEV kubokunda ilk məğlubiyyəti olub.
Cavab matçı isə yanvarın 23-də Bakıda olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü yeri tutaraq, CEV kubokuna vəsiqə qazanan "Azəryol” yarışa növbəti - "Çelenc raund”dan qoşulacaq. Bakı təmsilçisi bu mərhələdə "Bank Fakro” - "Lokomotiv” cütünün qalibi ilə qarşılaşacaq.
Anoloji yarışda mübarizə aparan daha bir komandamız "Azərreyl” isə "Uraloçka” klubunu qəbul edib. Voleybol Mərkəzində keçirilən oyundan əvvəl bu yaxınlarda vəfat etmiş beynəlxalq dərəcəli qrossmeysetirimiz Vüqar Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Zalda yanvarın 11-də dünyasını dəyişən qrossmeysterimizin fotoları da yer alıb. Şahmatçımızın xatirəsi anıldıqdan sonra oyuna start verilib. Doğma meydanda təşkil olunan görüş Aleksandr Çervyakovun yetirmələrinin məğlubiyyəti ilə yekunlaşıb. Düzdür, komandamız ilk hissədə əsl əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıblar. Təəssüf ki, voleybolçularımız bunun ardını gətirə bilməyiblər. İlk hissədə məğlubiyyətdən nəticə çıxaran "Uraloçka” isə sanki doğma meydanda oynayırmış kimi ardıcıl xallar qazanıb. Düzdür, onlar ikinci seti bir qədər çətinliklə aktivlərinə yazsalar da, növbəti 2 hissədə ciddi rəqabətlə qarşılaşmayıblar və 3:1 hesabı ilə qalib gəliblər.
Cavab görüşün yanvarın 22-də Yekaterinburqda keçiriləcək.

14 yanvar

1/4 final, ilk oyun

"Bank Fakro” (Polşa) - "Lokomotiv” (Azərbaycan)- 3:0 (25:15, 25:23, 26:24)
Hakimlər: Martin Stenbok (İsveç), Monika Ujhazi (Macaristan)
Muşina, Muşinyanka İdman Sarayı

15 yanvar
"Azərreyl” (Azərbaycan) - "Uraloçka” (Rusiya) - 1:3 (25:22; 23:25; 13:25; 16:25)
Hakimlər: Marek Laqierski (Polşa), Tiran Şaino (İsrail)
Bakı, Voleybol Mərkəzi