Pəhləvanlarımız Avropa çempionatında uğurla çıxış ediblər

Pəhləvanlarımız Avropa çempionatında uğurla çıxış ediblər

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub. Tirananın “Feti Borova” idman zalında təşkil edilən yarışda komandamız güləşin hər üç növündə təmsil olunub. Pəhləvanlarımız Avropa çempionatında 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. Yarışa əvvəlcə sərbəst güləşçilər start veriblər. Komandamız böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 10 idmançı ilə mübarizə aparıb. Yığmamızın tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu adını qazanıb. İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib. Belə ki, yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşib. Komandamız yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.

Sərbəst güləşçilərin ardınca qadın güləşçilərimiz mübarizəyə başlayıblar. Baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında millimizin 7 üzvü xalça üzərinə çıxıb. Komandamız yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) qazandırıb. Ruzanna Məmmədova (65 kq) isə Avropa çempionatının bürünc medalına yiyələnib.

Çempionatın son günlərində klassiklər mübarizəyə qoşulublar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandamızın heyətində 10 yunan-Roma güləşçisi yer alıb.

Pəhləvanlarımız qitə çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Güləşçilərimizdən Ruslan Nurullayev (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub. Komandamızın digər üzvlərindən Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medala sahib çıxıb.