Yekaterinburqlular “dəmiryolçular”ın yolunu kəsdi

Yekaterinburqlular “dəmiryolçular”ın yolunu kəsdi


Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən "Azərreyl” klubu "Uraloçka” ilə qarşılaşıb. Yekaterinburqda keçirilən görüş, gözlənildiyi kimi, komandamız üçün heç də asan keçməyib. Bakıda Rusiya təmsilçisinə məğlub olan komandamız rəqib meydanında da uğursuzluğa düçar olub. Matç komandamız üçün yaxşı başlamayıb - 4:11. Amma bu, voleybolçularımızı ruhdan salmayıb, əksinə, öz oyununu tapan "Azərreyl” qarşılaşmada bərabərlik yarada bilib - 17:17. Bunun ardınca Bakı təmsilçisi əzmkar çıxışı ilə diqqət çəkib. Lakin hissənin uzanması və komandamızın məğlubiyyəti rəqibin xeyrinə olub. Birinci hissəni aktivinə yazan "Uraloçka” voleybolçularımızın çətin vəziyyətə düşməsindən məharətlə istifadə edib. İkinci hissəni 7 top fərqi ilə öndə bitirən Rusiya təmsilçisi sonrakı hissələrin nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksəlib. Əvvəlki 2 hissəni qazandıqlarından, onlar üçüncü hissədə ciddi müqavimət göstərməyiblər və "Azərreyl” fərqi azaldıb.
Dördüncü hissə isə sonuncu olub. Nikolay Karpolun yetirmələri bu matçı, Bakıdakı kimi, 3:1 hesablı qələbə ilə bitiriblər.
Beləliklə, hər 2 matçda "Azərreyl”i məğlub edən "Uraloçka” "Çelenc raund”a vəsiqə qazanıb. Yarışa 1/16 final mərhələsindən başlayan "dəmiryolçular” isə cəmi 2 mərhələyə adladıqdan sonra beynəlxalq arena ilə vidalaşmalı olub.
Qarşılaşmadan sonra oyunda ən çox fərqlənən voleybolçuların adları məlum olub. Yığmamızın hücumçusu Anastasiya Qurbanova bütün rəqiblərini qabaqlayıb. O, "Azərreyl”in aktivinə 21 xal yazdırıb. Yığmamızın oyunçusu Ayşən Abduləzimova da fərqlənənlər arasında olub . 20 yaşlı blokçu 18 xalla komandasına töhfə verib. Aleksandr Çervyakovun digər yetirmələrinə gəlincə, Yekaterina Jidkova 13, Dusanka Kariç 12, Qvendolin Ruker 11 və Lora Kitipova 2 xal toplayıb. Yekaterinburq təmsilçisinin cavab görüşündə ən çox xal toplayan voleybolçusu Viktoriya Çaplina seçilib. Onun 15 zərbəsi dəqiq alınıb.
CEV kuboku

1/4 final, cavab oyunu

22 yanvar
"Uraloçka” (Rusiya) - "Azərreyl” (Azərbaycan) - 3:1 (30:28; 25:18; 21:25; 25:13)

Hakimlər: İlhami Şenyurt (Türkiyə), Vyaçeslav Prozorov (Moldova)

Yekaterinburq. DİVS Uraloçka
İlk oyun: "Azərreyl” (Azərbaycan) - "Uraloçka” (Rusiya) - 1:3 (25:22; 23:25; 13:25; 16:25)