Olimpnews saytının verdiyi məlumata görə, bugünlərdə Avropanın ən yüksək nöqtəsi olan Elbrus zirvəsində beynəlxalq təlim-məşq toplantılarına start verilib. Azərbaycan Alpinizm Federasiyasından bildirilir ki, Azərbaycan, Belarusiya, Rusiya və Ukrayna komandaları 14 gün ərzində birgə təlim məşqləri keçəcəklər.
Təlim-məşq toplantısında qış qalxma məşqləri həyata keçiriləcək. Həmçinin qış marşrutunun ən mürəkkəb və təhlükəli sahələri təkmilləşdiriləcək. Federasiyadan o da bildirib ki, hava şəraiti əlverişli olduğu təqdirdə zirvəyə qalxmağa cəhd ediləcək.
Beynəlxalq idman toplantısında Azərbaycanı Dmitriy Şiyanov və Rüfət Qocayev təmsil edirlər. Qeyd edək ki, Dmitriy Şiyanov Dağ İdman Klubunun məşqçisi, Rüfət Qocayev isə «Qartal» klubunun rəhbəri və məşqçisidir.
Təlim-məşq toplantısı ukraynalı yüksəklik alpinizminin ulduzu 21 yaşlı Mariya Xitrikovanın xatirəsinə həsr olunub. Qeyd edək ki, M.Xitrikova bir il öncə bu marşrutda faciəvi şəkildə həlak olub.