Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilə birlikdə baxış keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir tikinti işlərinin vəziyyəti ilə yerində tanış olub, müasir standartlara cavab verəcək kompleksin funksionallığı ilə bağlı cavabdeh şəxslərlə müzakirələr aparıb, müvafiq tövsiyələr verib.
Qeyd edək ki, III MDB Oyunlarının boks yarışları bu kompleksdə keçiriləcək.
Nazir həmçinin Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan əsaslı təmir işləri ilə də maraqlanıb. III MDB Oyunlarının akademik avarçəkmə, kanoe, taekvondo, karate idman növləri üzrə yarışları bu mərkəzdə təşkil ediləcək.
Nazir Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birlikdə Qəbələ Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə də yerində tanış olub. Təmir-bərpa işlərinin yüksək səviyyədə və vaxtında başa çatdırılmasının vacibliyini qeyd edən nazir Fərid Qayıbov hər iki idman qurğusunda aparılan təmir işləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb. Nazir həmçinin Şəki Olimpiya İdman Kompleksinin hazırkı vəziyyəti və davam edən təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyələr verib. Fərid Qayıbov səfər çərçivəsində Şəki şəhər stadionuna da baxış keçirib.
Nazir MDB Oyunları öncəsi idman infrastrukturunun vəziyyəti ilə maraqlanıb










