"Bank Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinsi Polşa mətbuatına müsahibə verib. "Lokomotiv” klubunun mübarizədən kənarlaşdıran və "Çelenc raund”da "Azəryol”la mübarizə aparacaq "Bank Fakro”nun təcrübəli mütəxəssisi klublarımızın imkanlarını dəyərləndirib. O, 3:2 hesabı ilə qalib gəldikləri son Bakı səfərindən danışıb.
- Polşa fanatları üçün Azərbaycan ekzotik, isti ab-havası olan məkanı xatırladır...
- Komandam ilk dəfə deyil ki, Azərbaycanda oynayır. Əvvəllər Çempionlar Liqasının "Dördlər finalı”nın bir addımlığında burada mübarizə aparmışıq. "Lokomotiv”lə oyunun üçüncü hissəsində bakılıların fanatlarının səsləri gurultulu idi. Lakin bizim işimizə yanaşmamız yüksək səviyyədə olduğundan bu səddi adlaya bildik.
- Gərgin mübarizədə 26:24 hesabı ilə qalib gəldiyiniz ilk set nə dərəcədə önəmli idi?
- Bu, oyunun həlledici məqamlarındandır. Qarşılaşmadan öncə aydın idi ki, 2 setdə qələbə bizə növbəti mərhələyə yüksəlmək hüququ verir. İlk hissə isə bizim yarı yolda olmağımız demək idi.
- Növbəti hissədə 14:25 hesabı ilə məğlub olmağınızın səbəbi nədir? Bu ilk setdəki qazanılan qələbənin arxayınçılığından irəli gəlmirdi ki?
- Buna cavab vermək çətindir. "Lokomotiv” böyük potensiala və oyunda dönüş yaratmaq bacarığına malik komandadır. Görüşü yenidən izləyib, səhvlərimizi müəyyənləşdirmək üçün təhlil edəcəyik.
- Növbəti mərhələdə də Azərbaycan klubu - "Azəryol”la qarşılaşacaqsız. Bu oyun barədə nə düşünürsüz?
- Onlar çox güclüdürlər. Çempionlar Liqasında mərhələ keçə bilmədiklərindən buraya gəliblər. Onların mübarizəyə hansı turnirdə başlaması səviyyələrini göstərir. "Azəryol” "Lokomotiv”lə müqayisədə bir qədər güclü təsiri bağışlayır. Bütün Azərbaycan klubları avrokuboklarda yaxşı təcrübəyə malikdirlər. Lakin unutmayın ki, "Lokomotiv”lə görüşə qədər çox az adam bizim "Çelenc raund”a yüksələcəyimizə inanırdı. Lakin biz sürpriz edə bildik və "Azəryol”la oyunda da buna çalışacağıq.