Bakının "Lokomotiv” klubu heyətinə yeni voleybolçu cəlb edib. CEV kuboku ilə vidalaşdığından Super-liqada mükafatçılar sırasına düşməyi planlaşdıran "dəmiryolçular” ABŞ millisinin hücumçusu Kessidi Lixtmanı transfer ediblər. Əvvəllər toppaylayıcı mövqeyində də mübarizə aparan 25 yaşlı voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha əvvəl ölkəsində "Stanford Universiteti” (2007-2008, 2010-2011) və Polşada "Aluprof” klublarında çıxış edib. O, yığmasının heyətində 2 dəfə Panamerika kubokunu (2012, 2013) və 1 dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanıb. 185 sm boya malik oyunçu həmçinin ötən il "Grand Champions Cup”ın finalında oynayıb.