Ölkə kubokunun püşkü atıldı 

Ölkə kubokunun püşkü atıldı 

Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib. Tədbirdə federasiyanın hakimlər kollegiyası, idman şöbəsinin əməkdaşları, eləcə də yarışda iştirak edəcək komandaların baş məşqçiləri iştirak ediblər.

AHF-nin idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümünə aid ölkə kuboku turnirinin aprelin 26-da “AHF Arena”da başlayacağını bildirib. Olimpiya sistemi üzrə keçiriləcək yarış 1/4 final mərhələsindən start götürəcək.

Əvvəlki mövsümün finalçısı olmuş komandalar – kişilər arasında “Azəryol” və “Bakı”, qadınlar arasında isə “Azəryol” və “Kür” kollektivləri mübarizəyə birbaşa yarımfinaldan qoşulacaqlar. Bu mərhələ oyunlarına may ayının üçüncü ongünlüyündə start veriləcək.

Tədbir zamanı iştirakçılara turnirin reqlamenti, yarış qaydaları və oyun cədvəli ilə bağlı ətraflı məlumat təqdim olunub. Eyni zamanda, püşkatmanın nəticələrinə əsasən, 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası ölkə kuboku uğrunda mübarizə aparacaq.

Püşkatma mərasimi iştirakçıların suallarının cavablandırılması və turnirlə bağlı müzakirələrlə yekunlaşıb.