Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün milli müstəqilliyinə qovuşdu

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız özünün milli müstəqilliyinə qovuşdu

Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. 1918-ci il mayın 28-də elan edilən bu tarixi hadisə xalqımızın çoxəsrlik müstəqillik arzularının gerçəkləşməsi, milli dövlətçiliyimizin bərpası baxımından əlamətdar mərhələdir.
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bəşər tarixinin bütün mərhələləri bu torpaqlarda öz silinməz izini qoyub. Əsrlər boyu müxtəlif imperiyaların maraq dairəsində olan ölkəmiz bir çox siyasi və hərbi sınaqlardan keçmiş, lakin xalqımız öz milli kimliyini və dövlətçilik ənənələrini qoruyub saxlayıb.
Tarixin acı səhifələrinə baxmayaraq, Azərbaycan tarixində fərəhli, şərəfli günlər də çoxdur. Bunların içərisində Müstəqillik Günü xüsusi yer tutur. XX əsrdə xalqımız bu arzunu üç dəfə gerçəkləşdirməyə nail olub. 1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. 
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi. 
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).
Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. 
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süqut edib.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq dördüncü dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Qürurverici haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan və ona olan dərin inamdan xəbər verir. Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji əməkdaş kimi qəbul edilir.
Fərəhli haldır ki, 2020-ci il 8 noyabr möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümlərini xalqımız qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən tarixi torpaqlarımızda da qeyd olunur. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. 
Ümummilli lider Heydər Əliyevin müdrik kəlamında ifadə edildiyi kimi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir.”
 

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor