Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund” mərhələsində ilk oyunlar keçirilib. Super-liqa təmsilçisi "Azəryol” Polşada "Bank Fakro” klubunun qonağı olub.
Komandamız bu oyunun favoriti olsa da, səfər matçında məğlubiyyətlə üzləşib. İlk hissədə uduzan "Azəryol” növbəti iki hissədə qalib gəlib. Lakin gərgin keçən 4-cü hissədə meydan sahibləri qələbəyə sevinib. Görüşün taleyi tay-brekdə həll olunub. Polşalılar bu hissədə də qalib gəlməyi bacarıblar.
Beləliklə, ilk oyunda məğlub olan komandamız növbəti mərhələyə çıxmaq üçün doğma meydanda mütləq qələbə qazanmalıdır.
Bu komandaların Bakıdakı cavab oyunu isə fevralın 11-də keçiriləcək. Qarşılaşmadan sonra oyunda ən çox fərqlələn voleybolçuların adları məlum olub. Belə ki, komandamızın almaniyalı legioneri Marqareta Kozux 22 dəqiq zərbə ilə oyunun bombardiri adına yiyələnib. Yığmamızın hücumçusu Odina Əliyeva komanda yoldaşından 3 xal az toplayıb. "Azəryol”un digər voleybolçularına gəlincə, Anneris Varqas 15, Çyara di Yulio 14, Cessika Cons 7, Oksana Parxomenko 6, Kseniya Kovalenko və Polina Rəhimova hərəyə 4 xal yığıblar.
Rəqibin heyətində isə Nataliya Kurnikovska məhsuldarlıq nümayiş etdirib. O, komandasının aktivinə 16 xal yazıb.
Oyundan sonra”Azəryol” klubunun voleybolçusu Marqarita Kozux qarşılaşma ilə bağlı bunları deyib: "Biz Polşadakı qarşılaşmada qalib gəlməli idik. Bunun üçün kifayət qədər, xüsusilə də 4-cü setdə imkanlarımız var idi. İndi qarşıdakı cavab oyununa köklənməliyik. Səfərdə 1 xal qazanmağı bacardıq. Cavab oyununda hər şey bizdən asılı olacaq”. "Bank Fakro” klubunun voleybolçusu Aleksandra Jaqyelo da öz fikirlərini bildirib: "Bu qarşılaşmada qalib gəlmək çox xoş oldu. Lakin ən vacib olanı gələn həftə Bakıda keçiriləcək oyundur.
Ümid edirik ki, həmin qarşılaşmada növbəti sensasiyaya imza atacağıq. Cavab oyununa çox yaxşı köklənmişik. Öz oyunumuzu göstərib, ilk matçdakı uğurumuzun davamını gətirməyi hədəfləyirik”.
CEV kuboku
"Çelenc raund”, ilk oyun
"Bank Fakro” (Polşa) - "Azəryol” (Azərbaycan) - 3:2 (25:20, 22:25, 22:25, 28:26, 15:13)
Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Stefan Takayçvili (Gürcüstan)
Muşina, Muşinyanka İdman Sarayı