İyunun 1-2-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə missiya rəhbərlərinin növbəti seminarı keçiriləcək.
Olimpnews.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcək.
Seminarın ilk günü rəsmi açılış mərasimi ilə başlayacaq. İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirakçılar yarış mərkəzləri, akkreditasiya prosesi, Atletlər kəndi, tibbi xidmət və antidopinq məsələləri ilə bağlı təqdimatlar və müzakirələrdə iştirak edəcəklər. Günün sonunda isə nümayəndələr Atletlər kəndi və yarışların keçiriləcəyi məkanlara baxış keçirəcəklər.
Seminarın ikinci günündə missiya rəhbərləri digər idman obyektlərini və Malaz Olimpiya Kompleksini ziyarət edəcəklər. Plenar iclasın iştirakçıları həmçinin, texnologiya, idman xidmətləri, media və kommunikasiya, eləcə də marketinq və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları bu ilin noyabrın 7-dən 21-dək Ər-Riyadda keçiriləcək. Yarışlarda 57 ölkədən olan idmançılar 19 idman növündə qüvvələrini sınayacaqlar.