Nərdin yaranması və inkişafına dair 

Nərdin yaranması və inkişafına dair 

Həyat öz axarıyla ötməkdə davam edir. Ustad oyunçular da backgammon oyunundan ləzzət almaqla günlərini keçirirdi. Beləcə daha bir qərinə ötür. Elə gün gəlib çatır ki, backgammon oyununun son əsrlərdə tutduğu yüksək zirvədəki mövqeyi laxlamağa başlayır. Belə ki, bəzi nərdsevərlər ondan da artıq intellekt tələb edən oyun istəyir. Daha yüksək səviyyəli nərd oyunları yaradılması sahəsində Azərbaycanda cəhdlər edilir. Bir-iki variantda oyunlar hazırlayır, lakin onların səviyyəsi yenisini yaratmaq fikriylə yaşayanın nəzərdə tutduğu səviyyəyə uyğun gəlmir. Oxuyur ki, III əsrdə yaradılmış nərdtaxtada bu günədək dünyanın müxtəlif guşələrində artıq 100 oyun hazırlanmışdır. Onun çıxardığı nəticə belə olur: - çox güman ki, oyun yaradılması baxımından indiki nərdtaxtanın imkanları tükənmişdir. Deməli, ilk növbədə daha geniş imkanlara malik yeni nərdtaxta hazırlanmalıdır. Onu hazırlamaqdan ötrü dərslik, təlimat, yaxud hər hansı vəsait yoxdur.
Bəs nədən başlamalı, necə etməli? Daha yüksək intellekt tələb edən nərd oyunu həsrəti ilə yaşayan gəncdə sonrakı illərdə təhsil aldığı və ixtiralar etdiyi kimya elminin malik olduğu qaydaların, qanunların, prinsiplərin zənginliyi və imkanları özünəgüvən doğurdu, uğura ümid, əminlik yaratdı. Sual ortaya çıxdı: Kimya elminin, eləcə də riyaziyyatın və məntiqin, habelə təxəyyülün imkanlarını tətbiq etməklə indikindən daha geniş imkanlara malik nərd dəsti (nərdtaxta) hazırlamaq olarmı? Sonra isə yeni nərdtaxtada daha yüksək intellekt tələb edən məhz idman oyunları yaratmaq mümkündürmü? Mümkün olarsa idman elminə nə dərəcədə praktiki əhəmiyyətə malik töhfə veriləcək. Gözü yolda qalmış dünyadakı nə qədər nərd pərəstişkarı sevinəcək.
Hər halda yenilikləri yaratmaq ideyası təqdirəlayiqdir və ondan faydalanmağa cəhd göstərməyə dəyər.
Bu istəyə iki yanaşma ilə nail olmaq mümkündür. Biri təsadüfi yaranan fikirlər əsasında. İkincisi, nərdtaxtanın və nərd oyunlarının qanunauyğunluqlarını öyrənmək və onlardan faydalanmaqla. İkincisinə üstünlük verildi və problemin həlli tapıldı. Məlumdur ki, nərdtaxta üç komponentdən ibarətdir: zərlərdən, oyun daşlarından və xanaları olan iki lövhəsi üz-üzə örtülən qutucuqdan. Oyunda bunlardan hansının birinci, ikinci və üçüncü olduğunu aydınlaşdırmaq işə yeni nərdtaxta yaradılması yolunda məqsədə münasib olardı. Oyuna birinci zərlər daxil olur və onlar atılır. Oyuna ikinci daxil olan daşlardır. Daşlar atılan zərlərin üst üzünə düşən xalların sayına görə hərəkət etdirilir. Daha sonra isə xanalar oyuna daxil olur. Belə ki, daşlar xanalara qoyulur.
Bəs sonra? Lakin yaradılmış nərdtaxtanın bir qanunauyğunluğu olmalı deyilmi? Bizə çatmış məlumata görə nərdtaxta qutusundakı xanaların sayı 24 bir gün ərzindəki saatların sayını göstərir. Daşların sayının cəmi 30 bir ay ərzindəki günlərin sayına bərabərdir. Zərin əks üzlərindəki rəqəmlərin cəmi 7 rəqəminə bərabərdir ki, bu da planetlərin sayını göstərir. Nərdtaxtanın iki lövhəli və üz-üzə örtülən qutucuğundakı 4 guşə (bölmə) isə ilin mövsümlərinə işarədir.
Zər üzlərinin sayı və eləcə də üzlərdəki ən çox xalların sayı 6, daşların ümumi sayı 30-dur. Bu rəqəmlərin arasında nisbət vardır, 30=6x5. Daşların ümumi sayı zər üzlərindəki xalların maksimum sayından 5 dəfə çoxdur. Digər tərəfdən 30 rəqəmi 2-yə (yarıya) bölünəndə tam rəqəm (bir oyunçuya düşən eyni rəngli daşların sayı) alınmalıdır. Belə alınır 30:2=15. Xanaların ümumi sayı 24 ilə zər üzündəki maksimal xal arasında nisbət mövcuddur (24:6=4).
Nisbətdən alınan 4 rəqəmi isə həmçinin hərəsində 6 xananın yerləşdiyi bölmələrin (guşələrin) sayına bərabərdir. Nərdtaxtadakı bu nisbətləri, qaydaları üzə çıxarmaq mümkün oldu.
Yeni nərdtaxta hazırlamağa cəhd edərkən üzə çıxarılmış nisbət, mütənasiblik və s. rəqəmlərdən faydalanmaq vacibdir. Bunlar ilk baxışda sadə görünsələr belə faydalanmağa əldə başqa əsas, mənbə, qayda yoxdur. Daha geniş imkanlara malik nərd dəsti hazır olarsa, deməli, daha yüksək intellekt tələb edən backqammon oyunu qaydalarını hazırlamağa başlamaq olar.
İlk növbədə yeni zərlərlə bağlı problem həll edilməlidir. Bu zərlər indikilərdən daha mürəkkəb, yəni üzlərinin sayı çox olmalıdır. 6 rəqəmindən böyük ilk tam rəqəm 7-dir. Lakin hesablamalar göstərdi ki, 7 üzlü zərlər yeni nərdtaxta yaradılmasında yararlı ola bilməz. 7-dən böyük tam rəqəm 8-dir. Yoxlama bu rəqəmin yararlı ola biləcəyini təsdiqlədi. Məhz bu araşdırmalar, hesablamalar əsasında alınmış nisbətlərə, rəqəmlərə, qaydaya uyğun olaraq yeni nərdtaxta hazırlanmalıdır. Yeni nərdtaxtanın birinci komponenti zərlər 8 üzlü olacaq və üzlərinə xallar əvəzinə 1, 2, 3, 4, 5, 6, 7 və 8 rəqəmləri (şəkil 4) yazılacaqdır. Eyni zamanda beynəlxalq yarışlarda backgammon oyununda olduğu kimi üstəlik dabl-kub adlanan 6 üzlü zərdən istifadə ediləcək. Nərdtaxtanın yan çərçivəsində saxlanılan həmin zər vasitəsi ilə oyunçular oyunun gedişi zamanı üstünlüyə malik olduğu halda oyunun məhz həmin andakı hesabını 2 qat artıra bilər. Bu isə oyunu daha gərgin və maraqlı edir.

İkinci element olan daşların sayı zər üzlərinin maksimum sayının 5 mislinə bərabər olmalıdır, yəni 8x5=40 ədəd. Yarıya bölünəndə 40:2= 20 tam rəqəm (bir oyunçuya düşən eyni rəngli daşların sayı) alınır. Deməli, daşların ümumi sayının 40 ədəd olması münasibdir. Lakin onlar hazırkı ölçüdə hazırlanarsa nərd qutusu böyük, nərd dəsti ağır alınar. Yeni daşlar nisbətən balaca ölçüdə və yeni dizaynda hazırlanır (şəkil 5).
Üçüncü element olan xanaların sayı zərin üzlərindəki xalların maksimum sayının 4 mislinə bərabər olmalıdır, yəni 8x4=32. Xanaların sayı 32-ni xanaların yerləşəcəyi guşələrin sayına, yəni 4-ə bölsək 32: 4=8 alınar. Deməli, nərdtaxta qutusunun 4 guşəsinin hər birində 8 xana yerləşəcək. Müvafiq surətdə xanaların və qutunun ölçüləri də dəyişikliyə uğrayır. Tələblərə cavab verən nərd dəsti hazırdırsa, daha yüksək intellekt tələb edən backqammon oyunu qaydalarını hazırlamağa başlamaq olar. Məqsəd dünya miqyasında geniş oynanılan, müxtəlif miqyaslı çempionatlar və turnirlər keçirilən, böyük məbləğdə gəlir gətirən backgammon oyununun yeni - daha yüksək intellekt tələb edən versiyasını yaratmaq oldu. Bu versiyada backgammonun qaydalarından imkan daxilində istifadə etmək mümkün və vacib olardı. Backgammon oyunçularının alışdıqları qaydaların olması yeni oyunu tezliklə mənimsəməyə imkan yaradacaqdır. Əlbəttə, reallıq, yəni yeni nərdtaxtanın imkanları nəzərə alınmaq şərti ilə. Backgammon oyununun yeni versiyasını həmçinin yeni nərd dəstinin imkanlarına müvafiq yaratmaq vacibdir. Eləcə də axtarışlar, tədqiqatlar nəticəsində üzə çıxarılmış qaydalar, nisbətlər, mütənasibliklər və d. fərqləndirici məqamlardan istifadə edilməsi qərara alınmışdır.
Yeni oyunun adı da fərqli olmalıdır. Backgammon sözünə yeni oyunun yaradıldığı şəhərin adı əlavə edildi. Backgammon - Bakı oyunu öncəsi 40 ədəd daşın yeni nərdtaxta qutusunda münasib olan ilkin düzülüşü müəyyənləşdirildi (şəkil 6). Fərqli qaydalardan digəri zərlərə düşmüş rəqəmlərə görə daşların irəli aparılmasıdır. Oyunda zər üzlərinin, daşların və xanaların çoxluğu nəzərə alınmalıdır. Oyun partiyasının uzun zaman ərzində başa çatması əlverişli olmazdı. Zərlərə düşən rəqəmlərə görə daşların irəliləməsi və evinə yığılması, habelə evdən çıxılması qaydası münasib seçilməlidir. Beləsinə üstünlük verilir, 2 zərə düşən rəqəmlərə görə daşlar 3 dəfə irəli aparılır. Yəni, rəqəmlərə və onların fərqinə görə. Beləliklə, Azərbaycan Respublikası daha geniş imkanlara malik 32 xanalı rənərd dəstinin və onda oynanılacaq daha yüksək intellekt tələb edən yeni backgammon (qısa), longgammon (uzun) oyunlarının vətənidir.
Böyüklər yorulmadan deyir ki, uşaqlar bizim üçün ən əziz, dəyərli varlıqlardır. Onların malik olduğu ən qiymətli nə varsa hamısı uşaqlar üçündür. Bəs həyatda həmişə belə alınırmı? Böyüklər özləri üçün neçə idman masaüstü intellektual oyun, o cümlədən nərd oyunları yaratmışdır. Lakin uşaqlar üçün belə oyunlardan birini də hazırlamayıblar. Uşaqlar yalnız səkkiz yaşdan başlayaraq şahmat üzrə yarışlarda iştirak edə bilir.
Bu boşluğu aradan qaldırmağa məhz Azərbaycanda ilk və uğurlu cəhdlər göstərilmişdir. Maraq doğuran oyunlar kimi isə yeni nərdtaxtanın və onun üçün oyunların mini variantının yaradılmasına üstünlük verilmişdir. İş prosesində təbii ki, ilk növbədə mini-nərdtaxta dəsti yaradıldı. Zərlər 4 üzlü, daşlar 20(=10+10), xanalar 16 (=4x4) olur. Qısaca unərd adlandırılan bu uşaq nərdtaxtasında oynamağa 2 mini backgammon, 2 mini longgammon oyunu hazırlanmışdır. Mini backqammon oyunlarında şanaların ilkin düzülüşü şəkil 7a və mini longgammon oyunlarında isə şanaların ilkin düzülüşü şəkil 7b-də göstərildiyi kimi qəbul edilmişdir.


Rəsul Rəxşanlı,
kimya üzrə fəlsəfə doktoru,
Elm nominasiyası üzrə iki dəfə
“Humay” milli mükafatı laureatı

Nərdin yaranması və inkişafına dair  Nərdin yaranması və inkişafına dair  Nərdin yaranması və inkişafına dair