3-4 iyun 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş “5-ci Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı” (DCSMS V) uğurla başa çatmışdır.
Seminar Azərbaycan Milli Olimpiya Komitəsi və Asiya Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) ilə birgə, Özbəkistan Milli Olimpiya Komitəsinin ev sahibliyi, Olimpiya Həmrəyliyi Proqramının dəstəyi və Asiya Olimpiya Şurasının Kommunikasiya və Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur.
İki gün davam edən seminarda Avropa və Asiyanın 15 ölkəsini təmsil edən Milli Olimpiya Komitələrinin rəqəmsal kommunikasiya və marketinq üzrə nümayəndələri iştirak etmişdir. Bu ölkələrə Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Yaponiya, Cənubi Koreya, İtaliya, Misir, Albaniya, Çexiya və digər dövlətlər daxildir.
Azərbaycan Milli Olimpiya Komitəsini tədbirdə Komitənin Marketinq Departamentinin müdiri Səkinə Vəliyeva təmsil etmişdir.
Seminarın əsas müzakirə mövzularından biri süni intellekt texnologiyalarının idman kommunikasiyasına inteqrasiyası olmuşdur. Bu istiqamətdə ANOC-un tərəfdaşı olan “Data North” şirkəti tərəfindən praktik seminar (workshop) keçirilmişdir.
Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri tərəfindən kommunikasiya strategiyaları üzrə təqdimatlar təqdim olunmuş, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və innovativ yanaşmalar müzakirə edilmişdir.
Seminarın son günündə iştirakçılar Özbəkistan Milli Olimpiya Komitəsinə rəsmi səfər etmiş, Komitənin Baş katibi cənab Oybek Kasımov tərəfindən qarşılanmış və sertifikatlarla təltif olunmuşlar. Həmçinin, Azərbaycan nümayəndə heyəti adından Komitəyə milli xalça təqdim edilmişdir. Bu hədiyyə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin rəmzi kimi dəyərləndirilmişdir.
Azərbaycan Milli Olimpiya Komitəsi bu təşəbbüsü yüksək qiymətləndirir və bu kimi beynəlxalq platformaların Olimpiya Hərəkatının rəqəmsal inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayır.