Ölkənin ən yaxşı buzadırmananları müəyyənləşdi

Ölkənin ən yaxşı buzadırmananları müəyyənləşdi


Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilən turnirdə FAİREX-in nəzdində fəaliyyət göstərən "Climb-club”, "Rock stone”, "EXTRALİFE”, Azərbaycan Turizm İnstitutunun "AMEAST”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik” komandaları, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət İqtisad və Qərb Universitetlərinin idman klubları, eləcə də Qusar rayonunun "Salavat”, "Qusar” və "Zirvə”, Qax rayonunun "Extremal” komandaları mübarizə aparıblar. Ümumilikdə yarışda 12 klubdan 50-dək idmançı iştirak edib. Yüksək iradə və ustalıq nümayiş edən idmançılardan 16-sı təsnifat yarışlarını uğurla keçərək final mərhələsinə vəsiqə qazanıblar. Gərgin mübarizədən sonr çətinlik və sürət mərhələlərinin ən yaxşı idmançıları müəyyənləşib.
Çətinlik mərhələsində oğlanlar arasında Ramel Rəhimxanov I, Ramay Rəhimxanov II, Babək İbadov isə III yerə sahib olub. Qızlar arasında isə qalib adını Leyla Əliyeva qazanıb. II pillədə Gülnar Pirəliyeva , III pillədə isə Könül Hüseynova qərarlaşıb.
Sürət mərhələsində oğlanlar arasında I yerə Qalib Şıxrəhimov, II yerə Ramel Rəhimxanov, III yerə isə Ramay Rəhimxanov layiq görülüblər. Qızlar arasında Leyla Əliyeva bu dəfə də birinci pilləyə yüksəlib. Gülnar Pirəliyev II, Reyhan Məmmədova isə III yeri tutub.
Yarışın qaliblərinə FAİREX tərəfindən mükafatlar təqdim olunub. Qeyd edək ki, final mərhələsinin iştirakçıları fevralın 28-dən martın 2-nə qədər Rusiyanın Ufa şəhərində keçiriləcək Dünya kuboku yarışlarına vəsiqə qazanıblar.