İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, çempionatda sərbəst güləş üzrə yarışlara yekun vurulub.
38 kq çəki dərəcəsində Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib.
41 kq çəkidə mübarizə aparan Hüseyn Rzazadə finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.
Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov bu dəfə eyni uğuru 44 kq-da təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.
Əkbər Əsgərov (48 kq) finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.
Muraz Hüseynov (57 kq) bürünc medal görüşündə rusiyalı Abdul İsayevə (0:10), Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya (4:7) məğlub olub.
62 kq cəki dərəcəsində Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.
68 kq-da isə Xəyal Şükürlü ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.
Komandamızın digər üzvü Elgün Kərimli (85 kq) finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb - 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk “3-lüy”ü Ukrayna (91) qapayıb.
Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.
Güləş millimiz rekord xalla Avropa çempionu oldu
