Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək.
Olimpnews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Skopyedəki Yan Sandanski İdman Mərkəzində baş tutacaq. Açılış mərasimindəki paradda Azərbaycan komandasının bayraqdarları cüdo uzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi Zeyd Ələsgərov və taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova olacaq.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak edəcəyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparacaqlar.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
İdmançılarımızın 12-si (6 oğlan, 6 qız) cüdo, 9-u (6 oğlan, 3 qız) atletika, 8-i (5 oğlan, 3 qız) taekvondo, 6-sı (3 oğlan, 3 qız) şose velosipedi, 2-si (1 oğlan, 1 qız) dağ velosipedi, 5-i (3 oğlan, 2 qız) üzgüçülük, 4-ü (1 oğlan, 3 qız) idman gimnastikası, 2-si (1 oğlan, 1 qız) badminton, 2-si (1 oğlan, 1 qız) atıcılıq, 2-si (1 oğlan, 1 qız) isə stolüstü tennis yarışlarında iştirak edəcək.
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək
