"Rabitə" liderliyini qorudu
Voleybol üzrə ölkə çempionatında növbəti turun oyunları keçirilib. Super-liqanın III dövrəsinin birinci oyun günündə "Lokomotiv” "Telekom” komandasını qəbul edib. Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən birinci və ikinci görüşdə "dəmiryolçular” 3:0 hesabı ilə qalib gəlmişdilər. Budəfəki oyunda da onların qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Cüzeppe Kuçarinin yetirmələri onlara bəslənilən ümidləri doğruldublar.
Birinci hissədə rəqibini 3 top fərqi ilə məğlub edən "Lokomotiv”, ikinci hissədə də "Telekom” komandasından üstün oyun nümayiş etdirib - 25:20. Üçüncü hissədə "dəmiryolçular” qonaqları yenidən 3 top fərqi ilə məğlubiyyətə uğradaraq aktivlərinə 3 xal əlavə ediblər. Beləliklə, xallarının sayını 22-yə çatdıran "Lokomotiv” turnir cədvəlində dördüncü pillədəki mövqeyini qoruyub. Voleybol Mərkəzində keçirilən ikinci görüşdə isə "Bakı-Azəryol” "Lokomotiv Biləcəri”lə üz-üzə gəlib. Bu komandalar arasında keçirilən hər iki oyunda qalib gələn "Bakı-Azəryol” bu qarşılaşmaya da qələbə əzmi ilə çıxmışdı. Çempionat başlayandan hələ ki qələbə üzünə həsrət qalan "Lokomotiv” birinci hissədə qalib gəlsə də bu dəfə xalsız qalıb. Meydan sahibi "Bakı-Azəryol”un baş məşqçisi Aleksandr Çervyakovun taktiki gedişindən sonra komanda ikinci hissədə öz oyununu nümayiş etdirib. Belə ki, onlar ardıcıl olaraq növbəti hissələrdə qələbə qazanaraq aktivlərinə növbəti xalları əlavə ediblər. Son oyun günündə isə "İqtisadçı” "Azərreyl” komandasını qəbul edib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan meydan sahibi "İqtisadçı” bu dəfə hansı nəticə göstərəcəyi hamı tərəfindən maraqla gözlənilirdi. "Tələbələr” turnir cədvəlinin birinci pilləsində qərarlaşmış "Rabitə” ilə aralarındakı xal fərqini artırmamaq üçün bu tur mütləq qələbə qazanmalı idi. "Azərreyl”də asan məğlub olmaq niyyətində deyildi. Buna görə qarşılaşmanın gərgin keçəcəyi əvvəlcədən gözlənilirdi. Birinci hissəyə universitet komandası üstün başlayıb. Rəqibini 2 top fərqi ilə üstləyən "İqtisadçı” ikinci hissədə məğlubiyyətlə üzləşib. Alessandro Çiappinin yetirmələri "tələbələri” 3 top fərqi ilə məğlubiyyətə uğradıblar. Lakin onların bundan artığına gücü çatmayıb. "İqtisadçı” ardıcıl olaraq növbəti hissələrdə qələbə qazanaraq ikinci pillədəki mövqeyini qoruyub.
XVI turun oyunlarında isə "Rabitə” "Lokomotiv” komandası ilə qarşılaşıb. Məlumat üçün bildirək ki, "rabitəçilər” birinci oyunda "dəmiryolçular”ı 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Bu dəfəki görüşün də gərgin keçəcəyi gözlənilən idi. Oyun "Rabitə” komandasının üstünlüyü ilə başlayıb. Son ölkə çempionu ilk hissənin hər 2 texniki fasiləsinə 2 top fərqi ilə üstün yollanıb. "Lokomotiv” oyun ərzində hesabı bərabərləşdirsə də, Marçello Abbondanzanın yetirmələri üstünlüyü əldən verməyərək qələbə qazanıblar - 25:20. İkinci hissədə isə sevinən tərəf "Lokomotiv” olub. Çüzeppe Kuçarinin yetirmələri rəqibini 4 top fərqi ilə məğlubiyyətə uğradıb. İkinci hissədəki məğlubiyyətdən nəticə çıxaran "rabitəçilər” üçüncü hissədə qələbə qazanıb. Dördüncü hissədə də qələbə qazanan "Rabitə” çətin sınaqdan üzüağ çıxıb. Bu qələbə sayəsində xallarının sayını 34-ə çatdıran "Rabitə” birinci pillədəki mövqeyini qoruyub.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "İqtisadçı” komandası isə "Lokomotiv-Biləcəri” klubu ilə üz-üzə gəlib. Qarşılaşma bu mövsüm yaxşı oyun göstərən "tələbələr”in xeyrinə yekunlaşıb. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Lokomotiv-Biləcəri” komandası bu dəfə də qələbə üzünə həsrət qalıb. "Bakı-Azəryol” isə "Telekom” komandasından üstün olub. Aleksandr Çervyakovun yeitrmələri rəqiblərini hər üç hissədə məğlub edərək 3 xal qazanıblar.
Beləliklə, XVI və XVII turdan sonra aktivində 34 xalı olan "Rabitə” turnir cədvəlində birinci pillədəki mövqeyini qoruyub. Rəqibindən 2 xal az toplayan "İqtisadçı” isə 2-ci yerdə qərarlaşıb. "Azərreyl” 24 xalla ilk "üçlüyü” tamamlayır.
22 fevral
XV tur
"Lokomotiv” - "Telekom” - 3:0 (25:22, 25:20, 25:22)
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov
Xətt hakimləri: Emil Abdullayev, Səməndar Eyvazov, Yana Kuznetsova, VüqarMansimov
İlk oyun: "Lokomotiv” - "Telekom” - 3:0 (25:18, 25:17, 25:13)
İkinci oyun: "Telekom” - "Lokomotiv” - 0:3 (14:25, 16:25, 20:25)
"Bakı-Azəryol” - "Lokomotiv Biləcəri” - 3:1 (22:25; 25:14; 25:15; 25:19)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə
Xətt hakimləri: Fikrət Axundov, Dilqəm Qəhrəmanov, Fuad Əliyev, Cəlil Cəlilov
İlk oyun: "Bakı-Azəryol” - "Lokomotiv-Biləcəri” - 3:1 (25:21, 23:25, 25:19, 25:14)
İkinci oyun: "Lokomotiv Biləcəri” - "Bakı-Azəryol” - 0:3 (17:25, 13:25, 17:25)
"İqtisadçı” - "Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
Xətt hakimləri: Rüstəm Cəfərov, Fuad Ağayev, İftixar Abdullayev, Bayram Laçınov
İlk oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
25 fevral
XVI tur
"İqtisadçı” - "Lokomotiv Biləcəri” - 3:0 (25:17; 25:11; 25:18)
İlk oyun: "Lokomotiv Biləcəri” - "İqtisadçı” - 0:3 (21:25, 16:25, 10:25)
İkinci oyun: "İqtisadçı” - "Lokomotiv-Biləcəri” - 3:0 (25:13, 25:11, 25:16)
"Telekom” - "Bakı-Azəryol” - 0:3 (18:25; 21:25; 11:25)
İlk oyun: "Telekom” - "Bakı-Azəryol” - 0:3 (22:25, 10:25, 14:25)
İkinci oyun: "Bakı-Azəryol” - "Telekom” - 3:0(25:17, 25:20, 25:18)
"Rabitə” - "Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:14, 31:29)
İlk oyun: "Rabitə” - "Lokomotiv” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
İkinci oyun: "Lokomotiv” - "Rabitə” - 1:3 (29:27, 15:25, 17:25, 10:25)
28 fevral
VIII turun təxirə salınmış oyunu
"Azərreyl” - "İqtisadçı”
İlk oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
İkinci oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)
XVII tur
"Bakı-Azəryol” - "Rabitə”
İlk oyun: "Bakı-Azəryol” - "Rabitə” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
İkinci oyun: "Rabitə” - "Bakı-Azəryol” - 3:1 (27:29, 25:13, 25:22, 26:24)