Qadın voleybolçular arasında Çempionlar Liqasının "dördlər finalı”ında mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Türkiyənin "Vakıfbank” klubu da Bakıya gələcək. Məlumat üçün bildirək ki, "Vakıfbank” klubuna qədər martın 15-16-da keçiriləcək yarışa 2 komanda yüksəlmişdi. Bunlar meydan sahibi kimi bu hüququ qazanmış Azərbaycan çempionu "Rabitə” və Rusiya "Dinamo”su (Kazan) idi. "Vakıfbank” klubuna gəlincə isə, onlar vəsiqəni çox çətinliklə əldə ediblər. Türkiyə təmsilçisi Fransada "Kann”a 1:3 (25:19, 17:25, 22:25, 22:25) hesabı ilə məğlub olsa da, ilk matçda eyni nəticə ilə qalib gəldiyindən cütün taleyi "qızıl set”də həll olunub. Yarışın son qalibi, axırıncı 3 turnirdən ikisində kuboka sahib çıxan "Vakıfbank” 15:12 hesabı ilə qalib gəlib. Qeyd edək ki, "dördlər finalı”na sonuncu vəsiqəni Rusiyanın "Omiçka” klubunu məğlub edən "Əczaçıbaşı” klubu əldə edib. Artıq Bakıda keçiriləcək "dördlər finalı”nın oyunlarının başlama vaxtı açıqlanıb. "Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələ Türkiyə komandalarının oyunu ilə başlayacaq. Belə ki, martın 15-də açılış qarşılaşması saat 16:00-da yarışın son qalibi "Vakıfbank”la "Əczaçıbaşı” arasında keçiriləcək. Ardınca meydana Azərbaycan çempionu çıxacaq. "Rabitə” saat 19:00-da start götürəcək oyunda Kazan "Dinamo”sunu sınağa çəkəcək. Ertəsi gün də oyunlar eyni saatda keçiriləcək. Öncə bürünc mükafatçı, sonra çempion müəyyən olunacaq.
Məlumat üçün bildirək ki, Çempionlar Liqasında "İqtisadçı” və "Azəryol” komandaları da mübarizə aparırdılar. Lakin onlar məğlub olduqları üçün yarışı erkən dayandırdılar.
"Dördlər finalı”, Bakı
15 mart
Yarımfinal
16:00. "Vakıfbank” (Türkiyə) - "Əczaçıbaşı” (Türkiyə)
19:00. "Dinamo” (Kazan, Rusiya) - "Rabitə” (Azərbaycan)
16 mart
3-cü yer uğrunda
16:00. Yarımfinal cütlərinin məğlubları
FİNAL
19:00. Yarımfinal cütlərinin qalibləri
Qeyd edək ki, qarşılaşmalar "Bakı Kristal Hall”da təşkil olunacaq.