Şəki Şəhər Gənclər və İdman İdarəsinin təqvim planına əsasən ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib. Fevralın 12-də təşkil olunan yarışın açılışında Gənclər və İdman İdarəsinin rəis müavini A.Səfərova çıxış edərək, yarışın keçirilməsində əsas məqsədin voleybol idman növünün kütləviliyini artırmaq, perspektivli voleybolçuları aşkar etmək və onları şəhərin yığma komandasının tərkibinə cəlb etməkdən ibarət olduğunu deyib. 10 komandanın iştirak etdiyi turnirə fevralın 17-də yekun vurulub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 20 saylı orta məktəbin komandası I yerə layiq görülüb. 8 saylı orta məktəbin komandası II, 19 saylı məktəbin komandası isə III yerdə qərarlaşıb. Qalib komandalar Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.