Voleybolçular Sumqayıt şəhər birinciliyində bir araya gəliblər

Voleybolçular Sumqayıt şəhər birinciliyində bir araya gəliblər

Sumqayıtda 1 saylı Uşaq-Gənclər İdman Məktəbində 1999-2001-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışda şəhərin idman məktəblərinin və cəmiyyətlərinin, orta ümumtəhsil müəssisələrinin komandaları qalib adı uğrunda mübarizə aparıblar. Birincilikdə oğlanlar arasında Sumqayıt Olimpiya İdman Kompleksinin, 21 və 31 saylı tam orta məktəblərin komandaları, müvafiq olaraq, birinci, ikinci və üçüncü yerləri tutublar. Qızların mübarizəsində isə "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Sumqayıt Olimpiya İdman Kompleksinin və 21 saylı tam orta məktəbin komandaları isə, II, III yerlə kifayətləniblər.