Azərbaycanın buzadırmananları Soçidə iştirak ediblər

Azərbaycanın buzadırmananları Soçidə iştirak ediblər



Soçi 2014-ün Təşkilat Komitəsi buzadırmanmanı Olimpiadanın mədəni proqramının tərkibinə daxil edib. Bununla əlaqədar olaraq Soçidə keçirilən Qış Olimpiya Oyunları zamanı Olimpiya kəndində buzadırmanma üzrə beynəlxalq festival təşkil edilib. Azarkeşlərin böyük marağına səbəb olan festivalda 2013-cü ildə adıçəkilən idman növü üzrə müxtəlif yarışlarda yüksək nəticələr göstərmiş idmançılar iştirak ediblər. Orada hündürlüyü 20 m olan 3 şaquli buz divarından ibarət konstruksiya quraşdırılıb. Burada idmançılar buzadırmanmanın iki növü-surət və çətinlik üzrə çıxışlar ediblər. Qeyd edək ki, festivalı izləyən azarkeşlərə də bu maraqlı və yeni idman növündə güclərini sınama imkanı yaradılıb. 2000-dən çox həvəskar təkcə peşəkarlarının şousunu izləməklə kifayətlənməyərək, buzadırmanma növündə qüvvəsini sınayıb. Ölkəmizi bu festivalda Azərbaycan Alpinizm Federasiyasının idmançıları Əli Abdullayev, Mövsüm Şirəliyev və Elvira Məhəmmədrəsulova təmsil ediblər. Nümunəvi çıxışların iştirakçısı olan Əli Abdullayev təşkil olunan festivalla bağlı fikirlərini bölüşüb: «Buzadırmanma Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınaraq Olimpiya idman növləri sırasında yer alıb. Hazırda UİAA (Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyası) bu növün qış Olimpiya oyunlarının proqramına salınmasına çalışır. Əlbəttə, bu asan deyil, amma uğurun əldə olunacağına inanırıq. Buzadırmanma maraqlı növdür və bu növ üzrə kifayət qədər peşəkar idmançılar var. Buzadırmanma üzrə yarışlar 3 qitə üzrə təşkil edilir və həmin yarışlarda 25 mindən çox idmançı qüvvəsini sınayır. Burada təkcə qonaq və azarkeş qismində deyil, mədəni proqramın iştirakçısı kimi qatıldığımıza görə çox sevinirik. Məncə, Soçidə Festivalın təşkili buzadırmanmanın olimpiadanın proqramına salınması istiqamətində atılmış uğurlu addımdır».