Bakıda K-1 döyüşü üzrə Qran-pri yarışlarının final mərhələsi başa çatdı

Bakıda K-1 döyüşü üzrə Qran-pri yarışlarının final mərhələsi başa çatdı


Fevralın 23-də "Sərhədçi” Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya "Qran-pri” turnirinin final mərhələsi keçirilib.
Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Milli Məclisin deputatı Fəzail İbrahimli Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Yarışda bir sıra məşhur idmançılar iştirak etmişlər.
Final mərhələsinin açılışında çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, "Best of the Best” promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirmişdir ki, yarışda azarkeşlər K-1 ulduzlarının gözəl döyüşlərini izləyəcəklər. Azərbaycan idmançıları bu yarışa uzun müddətdir ki, hazırlaşırlar. İdmançılarımızın bu yarışda tanınması üçün gözəl şansdır.
Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan E.Məmmədov demişdir ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində respublikamız dünyada idman ölkəsi kini tanınır.
K-1 brendinin sahibi Mayk Kim və K-1 Global holdinqinin direktoru Ned Kuruç tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirmiş, idmançılara uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi etmişdir. Belə mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük uğurdur.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilmişdir.
Yarışda Azərbaycan idmançılarından 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev hollandiyalı Dennis İppemaya, 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev Böyük Britaniyadan olan Çad Sugdeyə, Ziya Bayramov 77 kiloqram çəki dərəcəsində mərakeşli Omar Al Amraniyə, 72 kiloqramda Tural Bayramov Almaniya idmançısı Marco Groha qalib gəlmişlər.
Digər görüşlərdə isə 85 kiloqram çəki dərəcəsində Samet Keser (Türkiyə) - Lazar Danieli (Rumıniya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Corc Kolin (Surinam)- Samir Kazımovu (Azərbaycan), 63 kiloqramda Zakaria Zouharry (Mərakeş)- Amil Şahmarzadəni, 72 kiloqramda Miodrag Olar (Rumıniya) - Babək Rüstəmovu (Azərbaycan), 71 kiloqramda Cedrik Manhoef (Surinam) -İsmət Ağazadəni (Azərbaycan) məğlub etmişdir.
Gecənin əsas döyüşlərində məşhur Tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşmışlar. Bu görüşdə Buakav Bançamek qalib gəlmişdir.
Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşılaşmışdır. Bu görüşdə isə almaniyalı idmançı üstün olmuşdur.
Qaliblərə kuboklar təqdim edilmişdir.
Yarış dünyanın 150-dən çox ölkəsinin televiziya kanalı ilə yayımlanmışdır.