Bir müddət öncə "Azəryol”un təklifini dəyərləndirməyən Yeon-Kounq Kim "Fənərbağça” klubuna transfer edilmişdi. Bu yaxınlarda isə adıçəkilən komandalar CEV kubokunun 1/2 final mərhələsində üz-üzə gəliblər. Həmin oyunda isə Türkiyə təmsilçisi komandamızı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cənubi koreyalı isə qələbəni böyük sevinclə qarşılayıb. Asiyalı voleybolçu qələbəni komanda yoldaşlarından fərqli olaraq qeyd edib. Belə ki, Burhan Fələk Voleybol Salonundakı matçla ad günü eyni tarixə düşən Kim görüşün ən məhsuldar oyunçusu olub. Koreyalı qarşılaşmadan sonra komanda yoldaşlarına sürpriz edərək, onları ziyafətə aparıb. Ad günündə qələbənin şirinliyindən danışan hücumçu oyun ərəfəsində gözlənilməz hədiyyə ilə də qarşılaşıb. Belə ki, İdman Arbitraj Məhkəməsi onun yerli "Heungkuk” klubu ilə bağlılığının qalmadığı və Yeon-Kounqun istədiyi kluba sərbəst keçə biləcəyi haqda qərar çıxarıb.