Qadın voleybolçulardan ibarət Bolqarıstan millisində baş məşqçi dəyişikliyi olub. Komandanın baş məşqçisi Marçello Abbondanza tutduğu vəzifədən azad edilib. Belə ki, "Rabitə” ilə Azərbaycan çempionu adını qazanan mütəxəssis 2012-ci ildən işlədiyi yığmada köməkçiləri vəzifəsinə həmyerlilərinin gətirilməsi tələbi ilə çıxış edib. Bu isə yerli federasiyanın narazılığına səbəb olub. Nəticədə Abbondanza ilə imzalanan müqavilə ləğv edilib. Artıq komandanın yeni baş məşqçisinin adı da məlumdur. Bolqarıstan yığmasına 2010-cu ildə Rusiya yığmasını dünya çempionu edən Vladimir Kuzyutkin başçılıq edəcək. Onun bugünlərdə rəsmi təqdimatının keçirilməsi də planlaşdırılır. Qeyd edək ki, Bolqarıstan millisi Avropa çempionatında və Avropa Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Abbondanza isə "Azəryol”un CEV kubokunun yarımfinalındakı rəqibi "Fənərbağça”nın baş məşqçisidir.