Son ölkə çempionu hazırlıqlarını davam etdirir

Son ölkə çempionu hazırlıqlarını davam etdirir


Son ölkə çempionu "Rabitə” bu il Çempionlar Liqasının "dördlər finalı”nda mübarizə aparacaq. Komandamız yarışa ev sahibliyi etdiyindən bu mərhələyə birbaşa vəsiqə qazanıb. Yarışa hazırlıqlarını davam etdirən "rabitəçilər " yeni mövsüm üçün heyətlərini formalaşdırmağa başlayıblar. Komanda artıq bir neçə voleybolçunun keçidini reallaşdırıb. Hazırda ölkə çempionatına başçılıq edən klub kubalı Rozanna Giel Ramosun ardından bu ölkədən daha 3 voleybolçunun keçidini rəsmiləşdirib.Yeni mövsümdən etibarən Yoana Palasio Mendoza, Salas Vilma Rosell və Xiselye da Silva Franko da "Rabitə”nin şərəfini qoruyacaqlar. Çempionlar Liqasının kubokunu qazanmağı qarşılarına məqsəd qoyan komanda hər 3 perspektivli oyunçu ilə 5 illik müqavilə imzalayıb. Belə ki, bir müddət öncə təmsilçimizin heyətinə baxışa çağırılan və bəyənilən Yoana Palasio güclü potensiala malik bir voleybolçudur. Son komandası yerli "Cuidad Habana” klubu olan 24 yaşlı oyunçu 2009-2012-ci illərdə öz ölkəsinin yığmasının formasını geyinib. 187 sm boya malik Yoana komandası ilə birlikdə "Volley Masters” turnirinin bürünc mükafatına sahib çıxıb. Eyni uğuru komandası ilə birlikdə Panamerika oyunlarında da təkrarlayan voleybolçu Qran-pri turnirində də fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Komandanın yeni transferlərindən olan digər voleybolçu Vilma isə Kuba millisinin aparıcı simasına çevrilib. 23 yaşlı voleybolçu "Rabitə”yə yeni transfer olunan komanda yoldaşı Palasio ilə eyni mükafatları qazanıb. Baş məşqçi Eldar Yusubovun komandasının daha yeni bir transferi Salasın isə son klubu "Santiaqo de Cuba”dır. Voleybolçu öz millisinin heyətində 30 oyun keçirib. Salasla həmyaşıd olan və yığmadakı kimi eyni klubun uğurları üçün çalışmış Silva isə 184 sm boya malikdir. Kubalı voleybolçu komandası ilə birlikdə "Volley Masters”, Panamerika oyunları və Qran-pridə fəxri kürsüdə yer alıb. Qeyd edək ki, "Rabitə”nin daha öncə transfer etdiyi digər kubalı - 22 yaşlı Ramos blokçudur və 187 sm boya malikdir. Kubada son illərin ən perspektivli oyunçusu olan Ramos, 2009-cu ildən öz ölkəsinin gənclərdən ibarət komandasında çıxış edib. Voleybolçu 2 il sonra əsas yığmanın şərəfini qorumağa başlayıb. Kubanın "Cieqo de Avila” klubundan transfer olunan Ramos millisi ilə Panamerika oyunları, "Volley Masters” və Qran-prinin gümüş medalına sahib olub. Azərbaycan çempionu voleybolçuların keçidini reallaşdırmaqla bərabər, təlim-məşq toplanışlarını da davam etdirir. Belə ki, "Rabitə”nin dəvəti ilə ölkəmizə təlim-məşq toplanışı üçün gələn "Tauron” klubu səfərin səmərəli keçəcəyini düşünür. Polşa təmsilçisi bakılılarla təlim-məşq toplanışından sonra ölkə kubokunun final mərhələsində inamlı çıxışa ümid bağlayır. "Tauron”un baş məşqçisi Nikola Neqro bildirib ki, "Rabitə” qitənin ən güclülərindəndir və bu yetirmələri üçün yaxşı təcrübə toplamağa imkan yaradacaq. "Bakıdakı toplanış müddətində Polşa kubokunun finalına hazırlaşacağıq. Yoxlama oyunundakı rəqibimiz "Rabitə” də daha nüfuzlu Çempionlar Liqasının "dördlər finalı”na hazırlıq keçəcək.


 İnanıram ki, məşqlər hər 2 kluba böyük fayda verəcək”, - deyə o əlavə edib. Komandanın idman direktoru Robert Karlik də Azərbaycana gələciyindən məmnunluğunu bildirib: "İndi final mərhələsinə hazırlaşmaq üçün bir müddət vaxtımız var. Komandamızın məşqçiləri belə qənaətə gəliblər ki, hazırlıq müddətində "Rabitə” ilə sınaq matçları keçirməyimiz xeyrimizə olacaq. Belə bir güclü komandanın bizi yoxlama oyununa çağırması sevindirici haldır. Daxili yarışların vacib hissəsi ərəfəsində ölkə xaricinə yollanmağa gəlincə, burada risk görmürük. Mövsümün əvvəlində ABŞ-a gedərkən həm səfərin vaxtı, həm də yolun uzunluğu komandaya təsir etmişdi. Amma bu dəfə 2 həftəlik deyil, bir neçə günlük səfərə çıxacağıq. Bu üzdən də yoxlama matçlarının yalnız faydalı olacağını düşünürəm”.
Qeyd edək ki, Azərbaycana gələn "Tauron” martın 2-dək ölkəmizdə olacaq və "Rabitə” ilə 2 yoxlama oyunu keçirəcək.
Artıq Azərbaycan cempionu "Rabitə”nin "Tauron” klubu ilə yoxlama matçlarının vaxtı da dəqiqləşib. Bakı təmsilçisi "dördlər finalı”na hazırlıq məqsədi ilə paytaxtımıza dəvət etdiyi polşalılarla ilk görüşünə fevralın 28-də çıxacaq. Komandalar arasında ikinci matç isə 1 gün sonra oynanılacaq. Qarşılaşmalar Çempionlar Liqasının həlledici mərhələsinin keçiriləcəyi "Kristal Hall”da olacaq.