Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, yarışların yeddinci günündə atletlərimiz 5 idman növündə (üzgüçülük, stolüstü tennis, cüdo, boks və ağırlıqqaldırma) çıxış ediblər. Təmsilçilərimiz günü 12 (2 qızıl, 6 gümüş, 4 bürünc) medalla başa vurublar.
Günün ilk qızıl medalı cüdo millimizdən gəlib. Qarışıq komanda yarışlarınının finalında Özbəkistan yığmasına 4:0 hesabı ilə qalib gələn millimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/4 finaldan başlayan komandamız ilk mərhələdə Səudiyyə Ərəbistanı yığmasına 4:0, yarımfinalda isə Qazaxıstan seçməsinə 4:1 hesabı ilə qalib gəlib. Bununla da Ər-Riyad-2025-in cüdo yarışlarına yekun vurulub. Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışların əvvəlki günlərində keçirilən fərdi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.
Ötən gün eyni zamanda boks yarışlarına da yekun vurulub. Azərbaycan komandasının 4 üzvü final mərhələsində mübarizə aparıb ki, onlardan biri qızıl, üçü isə gümüş medala layiq görülüb. Komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. O, finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.
Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) isə finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.
Beləliklə, boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 (1 qızıl, 3 gümüş, 2 bürünc) medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.
Ötən gün Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) üçün də uğurlu olub. Təmsilçimiz VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb. Millimizin üzvü birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub. O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub. R.Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını üzgüçülük növündə qazanıb. Üzgüçümuz Ramil Vəlizadə kişilərin 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci yeri tutub.
Stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandamız isə VI İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub. Komandamız yarımfinalda Misir kollektivinə 8:5 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub.
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 12 medalla başa vurdular - GÜNÜN YEKUNLARI


