Qaşim Maqomedov: "Bürünc medal da mənim zəhmətimin nəticəsidir"

Qaşim Maqomedov: "Bürünc medal da mənim zəhmətimin nəticəsidir"

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Vl İslam Həmrəyliyi Oyunları davam edir. Olimpnews.az xəbər verir ki, bu gün keçirilən taekvondo yarışlarında Azərbaycan təmsilçisi Qaşim Maqomedov (60 kq) bürünc medala yiyələnib. Paris-2024 Yay Olimpiya oyunlarında ölkəmizə gümüş medal qazandıran taekvondoçumuz mükafatlandırma mərasimindən sonra yerli medianın suallarını cavablandırıb. 
"Mən hər zaman yarışlara qızıl medal və çempionluq üçün yollanıram. Əsas məqsədim bütün rəqiblərimi üstələyib, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq olub. Budəfəki yarışda nədənsə bürünc medalla kifayətlənməli oldum. Bürünc medal da mənim zəhmətimin nəticəsidir. Belə bir mötəbər yarışda hakimlərin qeyri-obyektiv qərar verməsi məni narahat etdi. Demək istəyirəm ki, hakimlərin qərəzli qərarları ilə rastlaşdım. Rəqiblərimin əksəriyyəti ilə bir sıra yarışlarda üz-üzə gəlmişəm. İran və Əfqanıstandan olan taekvondoçuların döyüş üslubuna yaxşı bələdəm. Burada mənim döyüşlərimi böyük həyacanla izləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Biz idmançıların hər zaman bu cür dəstəyə ehtiyacımız var" - deyə Qaşim Maqomedov bildirib.