Martın 15-də Bakıda voleybol üzrə Çempionlar Liqasının "dördlər finalı”nın yarımfinal mərhələsinin oyunları keçirildi. "Kristal Hall”da təşkil olunan yarışda əvvəlcə meydana "Vakıfbank”la "Əczaçıbaşı” klubları çıxdılar. Son 3 ildə 2 dəfə analoji yarışın qalibi adını qazanan "Vakıfbank” rəqibinə heç bir şans vermədi. Covanni Quidettinin yetirmələri yalnız birinci hissədə rəqib ilə bacara bilmədilər. Digər hissələrdə qalib gələn "Vakıfbank” finala yüksələn ilk komanda oldu. Yarımfinal mərhələsinin digər görüşündə isə "Rabitə” Rusiyanın "Dinamo” klubunu sınağa çəkdi. 2 dəfə finala yüksələn və hər dəfə "Vakıfbank”a məğlub olan "Rabitə” bu dəfə həlledici mərhələyə yüksələ bilmədi. Düzdür, komandamız oyuna yaxşı başladı. Voleybolçularımız hətta birinci hissənin əvvəlində 3 top irəlidə oldular - 5:2. Lakin blokda və müdafiədə inamlı təsir bağışlayan "Dinamo” tezliklə toplar arasındakı fərqi bərabərləşdirdi (6:6) və texniki fasiləyə 1 top irəlidə çıxdı. Sonra "Rabitə” oyunda müəyyən səhvləri ilə yadda qaldı. Bundan məharətlə istifadə edən ruslar yekunda hissəni 10 top irəlidə bitirdilər. İkinci hissədə isə komandalar xalaxal prinsipi ilə mübarizə apardılar. Lakin hissənin sonda sevinən tərəf yenə "Dinamo” oldu.
Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəldi. Çoxları bu hissədə "rabitəçilər”in qalib gələcəyini düşünsə də, hər şey əksinə oldu. "Rabitə”nin bütün səylərinə baxmayaraq, oyunda dönüş yaranmadı. Blokda, hücumda və müdafiədə əla oyun nümayiş etdirən Kazan təmsilçisi 3:0 hesabı ilə qalib gəldi.
Beləliklə, "Dinamo” tarixində ilk dəfə finala yüksəldi.
Martın 16-da, "dördlər finalı”nın sonuncu günündə qalibin və bürünc mükafatçının adına aydınlıq gəldi. Meydana əvvəlcə Azərbaycan çempionu "Rabitə” çıxdı. Yarımfinalda Kazan "Dinamo”suna məğlub olan Eldar Yusubovun yetirmələri "Vakıfbank”la bacarmayan "Əczaçıbaşı” ilə qarşılaşdılar. Bundan əvvəl 2 dəfə Çempionlar Liqasının "Dördlər finalı”na yüksələn və hər ikisində gümüş medala yiyələnən Bakı təmsilçisi bu dəfə 3-cü yer uğrunda qüvvəsini sınadı. Oyun komandamız üçün uğurlu oldu. Rəqibinə heç bir şans verməyən "Rabitə” birinci hissəni 4 top öndə bitirdi. Komandamız ikinci hissədə daha baxımlı oyun nümayiş etdirdi. Kazan "Dinamo”su ilə görüşdə zəif təsir bağışlayan "Rabitə” "Əczaçıbaşı”nı çətin vəziyyətə saldı. Bunun nəticəsində voleybolçularımız 25:12 hesabı ilə qalib gəldilər. Üçüncü hissə bir qədər gərgin alındı. Bakıya çempionluq arzusu ilə gələn "Əczaçıbaşı” oyunda dönüş yaratmaq üçün bütün gücünü ortaya qoydu. Onlar hətta setin gedişində bir neçə dəfə irəli də çıxdılar. Lakin yekunda "Rabitə” rəqibindən üçtün oyun nümayiş etdirdi - 27:25. Beləliklə, "Əzcaçıbaşı”ya 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi iştirak etdiyi 3-cü "Dördlər finalı”nı da medalla bitirdi. Sadəcə, əvvəlki 2 yarışda gümüş medal qazanan "Rabitə” bu dəfə 3-cü yerlə kifayətləndi. Oyundan sonra qarşılaşmada fərqələnən voleybolçularında adına aydınlıq gəlib. Bakı təmsilçisinin heyətində Katarjina Skovronska yenə bütün həmkarlarını qabaqlaya bilib. Belə ki, "Rabitə”nin 3:0 hesabı ilə qalib gəldiyi matçda polşalı legioner 15 xalla ən çox fərqlənən voleybolçu adını qazanıb. Eldar Yusubovun digər yetirmələrindən Aurea Kruz 12, Reyçel Rurkla Tori Dikson hərəyə 8, Nataşa Krsmanoviç 7 və Nutsara Tomkom 1 xal yığıb. Rəqibin heyətində isə Neslihan Demir daha məhsuldar olub. Türkiyə millisinin üzvü 11 xal toplayıb. Qarşılaşma ilə bağlı hər iki komandanın baş məşqçiləri və voleybolçuları da fikirlərini bildirdilər.
Eldar Yusubov ("Rabitə” klubunun baş məşqçisi): "Biz "dördlər finalı”na yaxşı hazırlaşmışdıq. Amma yarımfinalda Kazan "Dinamo” ilə görüşdə oyunumuz alnmadı. Finala çıxa bilmədikdən sonra komanda ilə, demək olar, heç bir söhbət etmədim. Bu gün səhər məşqi də keçmədim. Yalnız oyundan əvvəl voleybolçuları başa saldım ki, qızıl medal uğrunda görüşdə məğlub olmuşuqsa, bürünc medalı əldən verməməliyik. Görüşdə də tapşırıqlarımı lazımınca yerinə yetirdilər və yarışı üçüncü yerdə bitirdik. Bu gün "Rabitə” çempionluğa layiq olduğunu oyunu ilə sübut etdi”.
Lorenzo Miçelli ("Əczaçıbaşı” voleybol klubunun baş məşqçisi): "Dünən yarımfinalda "Vakıfbank”a məğlub olduqdan sonra bu gün oynamaq çətin idi. Biz yarımfinalda qələbəni "Vakıfbank”a hədiyyə etdik. İnanılmaz səhvlərə yol verdik. "Rabitə” ilə görüşdə də istədiyimiz oyunu göstərə bilmədik. Amma son hissədə yaxşı çıxış etsək də, yenə məğlub olduq. Həqiqətən "Rabitə” bizdən güclüdür”.
Sanya Staroviç ("Rabitə” klubunun voleybolçusu): "Komandamı və azarkeşlərimizi təbrik edirəm. Bu gün çətin oyunda qalib gəldiyimiz üçün sevincliyəm. Biz yarımfinalda Kazan "Dinamo”suna qarşı da belə oynamalı idik. Amma oyunumuz alınmamışdı. Bu gün gücümüzü göstərdik. Hər top uğrunda sonadək mübarizə apardıq”.
Neslihan Demir ("Əczaçıbaşı” klubunun voleybolçusu): "Yarımfinalda "Vakıfbank”a məğlub olduqdan sonra bu oyuna uyğunlaşa bilmədik. İnamlı mübarizə aparsaq da, biz qalib gəlmədik. "Rabitə” ilə oyuna yaxşı başladıq. Amma sonradan oyunda istəklərimizi yerinə yetirə bilmədik. Üçüncü hissəni də yaxşı keçirdik. Lakin qələbə üçün bu da kifayət etmədi. Bütün bunlara baxmayaraq, "dördlər finalı”na yüksəlmək, burada oynamaq bizim üçün çox önəmli idi. Təşkilatçılıq üçün Azərbaycana təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı illərdə daha yüksək yerlərdə olacağıq”.
Finalda isə 2 il öncə məhz paytaxtımızda bürünc medal qazanan Kazan "Dinamo”su son qalib "Vakıfbank”la qarşılaşdı. Oyun əvvəlindən-axırınadək rusiyalı voleybolçuların üstünlüyü şəraitində keçdi. Türkiyə təmsilçisi ciddi müqavimət göstərsə də, alınmadı və Kazan klubu titulu istanbullulardan aldı. Bu həmçinin "Dinamo”nun tarixində ilk qızıl medal oldu. Oyundan sonra "Dinamo” (Kazan) klubunun baş məşqçisi Rişat Qilyazutdinov qalib gəldiklərinə görə çox sevindiklərini bildirdi. "Avropanın ən yaxşısı olduğumuzu sübut etdiyimiz üçün xoşbəxtəm. Biz bundan sonra da azarkeşlərimizi qələbələrlə sevindirəcəyik. Komandamızı burada dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Təşkilatçılara da minnətdaram. Bizim üçün möhtəşəm gün oldu. Bakıdakı qələbəmizi heç vaxt unutmayacağıq”, - deyə o əlavə etdi.
Artıq paytaxtımızda keçirilən qadın voleybolçular arasında Çempionlar Liqasının simvolik yığmasının heyəti açıqlanıb. Azərbaycan çempionu "Rabitə”nin bürünc medal qazandığı yarışın 8 nominasiyasında 2 oyunçumuz Avropanın ən yaxşısı adını qazanıb. Belə ki, Bakı klubunun oyunçusu Nutsara Tomkom çempionatın ən yaxşı toppaylayıcısı seçilib. Komandamızın digər üzvü Brenda Kastillo isə qitənin ən yaxşı liborosu adına layiq görülüb. Digər nominasiyalar üzrə Yekaterina Qamova ("Dinamo”) həm ən dəyərli voleybolçu, həm də bombardir, Karolina Kostaqrande (Vakıfbank) ən yaxşı müdafiəçisi, Neslihan Demir ("Əczaçıbaşı”) ən yaxşı hücumçu, Yordan Larson ("Dinamo”) ən yaxşı blokçu, Antonella Del Kore ("Dinamo”) ən yaxşı top qəbuledici olub. Fair-play mükafatı isə Aydəmir Akyola ("Vakıfbank”) təqdim olunub.
"Dördlər finalı”
15 mart
Yarımfinal
"Dinamo” (Kazan, Rusiya) - "Rabitə” (Azərbaycan) - 3:0 (25:15, 25:21, 25:19)
Yarımfinal
"Vakıfbank” (Türkiyə) - "Əczaçıbaşı” (Türkiyə) - 3:1 (19:25, 25:19, 25:22, 25:17)
16 mart
Final
"Dinamo” (Kazan, Rusiya) - "Vakıfbank” (Türkiyə) - 3:0 (25:23, 25:11, 25:23)
Üçüncü yer uğrunda
"Rabitə” (Azərbaycan) - "Əczaçıbaşı” (Türkiyə) - 3:0 (25:21, 25:12, 27:25)