Bu gün Azərbaycan alpinistləri İsrafil Aşurlı və Firuz Dadaşov Nepalın paytaxtı Katmanduya səfər edəcəklər. Alpinistlər viza və lazımı icazələri aldıqdan sonra Çinin Tibet Muxtar Rayonuna yollanacaqlar. İdmançılarımız Himalay dağlarındakı Şişapanqma (8027 metr) zirvəsini fəth etməyi planlaşdırırlar. Ekspedisiyanın təqribi müddəti 1,5 aydır. Qalxma idman üslubunda keçiriləcək. Belə ki, alpinistlər süni oksigendən və şerpaların (yüksəklikdə çalışan yükdaşıyanların) xidmətindən istifadə etməyəcəklər.
Himalay dağlarının Everest (8848 metr) və Kançenjanqa (8586 metr) zirvələrinin fatehi, "Qar bəbiri” titulunun sahibi İsrafil Aşurlı 15 il ərzində dünyanın bütün materiklərində, o cümlədən Antarktida və Arktikada 58 uğurlu ekspedisiya həyata keçirib.
Respublika Alpinist-Turist Klubunun idmançısı, Azərbaycan yığma komandasının üzvü Firuz Dadaşov isə Mərkəzi Asiyanın hündürlüyü 7 min metrdən çox olan beş zirvəsindən dördünü fəth edib, Gürcüstanın və ölkəmizin dağlarında uğurlu ekspedisiyalar keçirib.