Qadın voleybolçular arasında klublararası dünya çempionatının daha bir iştirakçısının adı məlum olub. Beynəlxalq Voleybol Federasiyası (FİVB) bu il mayın 7-dən 11-dək İsveçrənin Sürix şəhərində keçiriləcək mundial üçün nəzərdə tutulan 2 güzəştli kartdan ("wild card”) birini Braziliyanın "Osasko” klubuna verib.
Nəticədə ümumilikdə 8-ci, İsveçrədə isə 2-ci dəfə keçiriləcək yarışda iştirakçı ölkələrinin sayı 4-ə çatıb. "Osasko”ya kimi Kazan "Dinamo”su (Avropa), Braziliya "Sesi”si (Cənubi Amerika) və "Volero” (ev sahibi) bu hüquqa yiyələnmişdi. Asiya çempionu isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, mundialın 6-cı iştirakçısının adına da güzəştli kartla ("wild card”) aydınlıq gələcək. Bunun Avropa zonasından olacağı istisna deyil. FİVB güzəştli vəsiqəni ya Çempionlar Liqasının finalçısı "Vakıfbank”a, ya da bürünc mükafatçısı "Rabitə”yə verə bilər.