Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır

Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır

XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev  kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi.
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər  Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. “Kommunist” qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, “Novruz bayramı” günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir.  İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır.  Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən Novruza qarşı kompaniyalar ara vermirdi.  Bu bolşeviklərə qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Bu bayrama münasibətini N.Nərimanov 1913-cü ildə “İqbal” qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi.  Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və (Novruz da daxil) milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.  Ancaq bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı.  Hətta “Kommunist” qəzeti yazırdı ki, “Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır”.
Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri idi. Nəhayət, 1929-cu ildə “Mübariz Allahsızlar İttifaqı” öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra “İttifaq”ın üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə reydlər təşkil edir, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan komsomolçuları aşkarlayaraq bu adamları komsomol iclaslarında müzakirəyə çıxarırdılar. 
1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi  illərində Novruz bayramı qeyd edilirdi. Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı. 
Sovet ideoloqları bəzi milli bayramları dövlətin ideoloji proqramına uyğunlaşdırmaq haqqında fikirləşməyə başlamışdılar. 
Odur ki, ilkin eksperiment kimi, 1966-cı ilin mart ayının 6-da (Mart ayının ilk bazar günü) “Maslenitsa” adlandırdıqları milli bayramı “Rus qışının yola salınması” adı altında, martın 20-də isə Novruz bayramını “baharın gəlişi” adı altında qeyd etmək qərara alınmışdı. “Rus qışının yola salınması” həmin il Leninqrad vilayətində keçirildi. Ancaq nədənsə həmin il Novruzun keçirilməsi təxirə salındı və nəhayət ki, 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi. 
Bəzi siyasi mütəxəssis qeyd edirlər ki, 1967-ci ildə Novruz bayramının keçirilməsinə Sovet rəhbərliyinin birdən-birə razılıq verməsini SSRİ-nin İranla bağlı siyasəti ilə də əlaqələndirirlər. 1965-ci ildə İran şahı Rza Pəhləvinin  SSRİ-yə səfəri zamanı Leonid Brejnevlə söhbətdə mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bərabər Novruz mövzusuna da toxunulmuşdu.  1985-ci ildən sonra hətta kommunist və Sovet qəzetləri də martın 21-də rəngli çıxır, ən başlıcası daha “bahar bayramından” yox, Novruzdan söz açılırdı. 
1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi. 2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır. 
Ümummilli lider 2000-ci il martın 21-də Novruz bayramında son dərəcə parlaq, unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”. 
Heydər Əliyev qeyd edibdir ki, Novruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiət və kainatla əlaqədardır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Dilqəm Quliyev,
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İdmançı” qəzetinin baş redaktoru, Azərbaycan Olimpiya Akademiyasının “Kütləvi İdman” bölməsinin sədri.

Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır Novruz insanları birliyə və bərabərliyə səsləyən milli bayramdır