Qadın voleybolçular arasında Azərbaycan Super-liqasının pley-off mərhələsinə start verilib. Mərhələnin ilk matçında "Rabitə” "Azərreyl”i sınağa çəkib. Oyundan qabaq son illərin dəyişməz çempionu cütün aşkar favoriti hesab olunurdu. Tarixi ərzində "dəmiryolçular”a məğlub olmayan Eldar Yusubovun yetirmələrinin asan qələbə qazanacaqları gözlənilirdi. Oyuna gəldikdə isə qarşılaşmaya "Azərreyl” üstün başlayıb. Onlar birinci hissədə rəqiblərinə 3 top fərqi ilə qalib gəliblər. İkinci hissədə isə "rabitəçilər” fəallığı ilə seçilib. Son ölkə çempionu bu hissədə rəqibini böyük hesabla məğlubiyyətə uğradıb. Üçüncü hissədə isə "Azərreyl” 3 top fərqi ilə məğlub olub. Dördüncü hissədə oyunun taleyinə aydınlıq gəlib. "Rabitə” 25:21 hesabı ilə qalib gələrək pley-off mərhələsinin ilk matçında qələbə qazanıb. Bu oyundan sonra ötən ilin gümüş mükafatçıları - "Azəryol”la "İqtisadçı” münasibətlərinə aydınlıq gətiriblər. Görüşün gərgin keçəcəyi proqnozlaşdırılsa da, Ancelo Vercesinin komandasının qalib gələcəyi daha inandırıcı görünürdü və gözlənilənlər özünü doğruldub. Belə ki, universitet komandası birinci hissədə 9 xal fərqi ilə rəqibinə məğlub olub. İkinci hissədə isə "tələbələr” qalib gəlməyi bacarıblar. Lakin onların bundan artığına gücü çatmayıb. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn "Azəryol” pley-off mərhələsinin birinci oyunundan qələbə ilə ayrılıb.
7 aprel
Pley-off mərhələsi, ilk oyunlar
"Rabitə” - "Azərreyl” - 3:1 (22:25; 25:11; 25:23; 25:21)
"Azəryol” - "İqtisadçı” - 3:1 (25:16; 17:25; 25:21; 25:14)