Millimizə yeni voleybolçular çağırılıb

Millimizə yeni voleybolçular çağırılıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Kubalı baş məşqçi Sillie Tabares Leonardo 2015-ci ildə keçiriləcək Avropa çempionatının I təsnifat mərhələsində mübarizə aparacaq oyunçuların adlarını müəyyənləşdirib.
O, komandaya 16 voleybolçu dəvət edib. Yarışın III qrupunda Gürcüstan, Makedoniya və İsveçlə mübarizə aparacaq yığmamızda Emil Abdullayev, Fərhad Ədəli Səidabad, Aqil Ağazadə, Asif Əliyev, Kənan Allahverdiyev, Vüqar Bayramov, Aleksey Çervyakov, Tural Həsənli, Yevgeni Kovalenko, Vadim Kutukov, Alif Məmmədli, Dmitri Obodnikov, Laçın Rzayev, Pərviz Səmədov, Cavid Süleymanov və Aleksandr Teterin qüvvəsini sınamaq imkanı qazanıb. Bu oyunçulardan 3-ü əsas millimizə ilk dəfə çağırılıb. Alif Məmmədli və Laçın Rzayev yerli voleybolçular olsalar da, Səidabad legionerdir. 1984-cü ildə İranda anadan olan Fərhad 202 sm boya malikdir və blokçudur. Onun karyerası əsasən Urmiyanın "Şəhrdari” klubu ilə bağlıdır.
Komandada həmçinin, ötən ildən düşərgəyə dəvət olunan və milli formasını geyinməyən voleybolçular da var.
Qeyd edək ki, mayın 9-11-də keçiriləcək qrup oyunlarına Makedoniya ev sahibliyi edəcək. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ keçəcək.