““Rabitə”” Kruzla müqavilənin müddətini uzatdı

““Rabitə”” Kruzla müqavilənin müddətini uzatdı

Ölkə çempionu "Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Çempionlar Liqasının gümüş medalını qazanan paytaxt təmsilçisi Aurea Kruzla müqavilənin müddətini uzadıb. 2012/2013-cü illər mövsümündən "Rabitə”nin şərəfini qoruyan puerto-rikalı ulduz voleybolçu yeni ildə də bu komandada çıxış edəcək. Bununla da komandadakı oyunçuların sayı 17-yə çatıb. Son illərin dəyişməz Azərbaycan çempionu Kruza qədər Katarjina Skovronska (1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da müqavilənin müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da "Rabitə”nin uğurları üçün çalışmaqda davam edəcəklər.
Yeri gəlmişkən deyək ki, Aurea Kruz "Rabitə”nin ölkə çempionu olması münasibəti ilə maraqlı açıqlama verib. "Azərbaycan Super-liqası mənim üçün uğurla yekunlaşdı. Komandamın 7-ci çempionluğunda pay sahibi olduğum üçün xoşbəxtəm. Çempionlar Liqasında məqsədimizə nail ola bilməsək də, Azərbaycan çempionu tutulunu qoruduq. "Rabitə”klubunun azarkeşlərini 7-ci çempionluq münasibəti ilə təbrik edirəm. Super Liqa gərgin keçsə də, komandamız üçün qalib gəlmək elə də çətin olmadı. Qızıl medallarla yanaşı, çempionatın 3 nominasiyasında birinci olmağım isə məni çox sevindirdi”.