"Azərbaycanda məşqçilik etdiyim 3 ildə bu mövsümü çox uğurla başa vurduq”. Bu sözləri "İqtisadçı” klubunun baş məşqçisi Bülənt Karslıoğlu deyib. Türkiyəli mütəxəssis bürünc medal qazanmaları ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqasında da pley-offa kimi yüksəlmələri klubun inkişafından xəbər verir: "Əgər zədəlilər və çatışmazlıqlar olmasa idi, daha yaxşı nəticələr qazana bilərdik. Bu mövsüm ilk dəfə iştirak etdiyimiz Çempionlar Liqasında yaxşı nəticələrə imza atdıq. Super-liqada 3-cü yeri tutmaq məni sevindirdi. Bürünc medal uğrunda görüşdə rəqibimiz "Azərreyl”ə bir oyunda belə məğlub olmadıq. Bu uğurlarda əməyi keçən hər bir kəsə, o cümlədən komandamızın prezidenti, texniki heyət və oyunçularıma təşəkkür edirəm. Ən əsası da Voleybol Federasiyasına və bütün dostlarıma minnətdaram. İnanıram ki, "İqtisadçı” yeni mövsümdə də uğurlarını sıralayacaq və azarkeşlərinə sevinc bəxş edəcək”.