"Dəmiryolçular” "tələbələr”dən məğlubiyyətin əvəzini çıxdılar
Fevralın 28-də Azərbaycan Super Liqasında VIII turdan təxirə salınmış bir oyun keçirildi. Voleybol Mərkəzində təşkil olunan görüşdə əvvəlcə meydana "Azərreyl” və "İqtisadçı” komandaları çıxdılar. Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən əvvəlki 2 görüşdə "İqtisadçı” klubu qalib gəlmişdi. Birinci və ikinci oyunda universitet komandası rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Növbəti oyunda komandaların hansı nəticə göstərəcəyini isə qabaqcadan demək mümkün deyildi. Çünki "dəmiryolçular” hər iki oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün budəfəki görüşə çox ciddi hazırlaşmışdı. Qarşılaşmanın ilk dəqiqələrindən hücumlar təşkil edən "Azərreyl” birinci texniki fasiləyə 4 top fərqi ilə üstün yollandı.
Üstünlüyünü heç cür əldən verməyən Alessandro Çiappinin yetirmələri ikinci texniki fasiləyə 3 top irəlidə çıxdılar. Məğlubiyyətlə barışmaq istəməyən "tələbələr” birinci hissədə topların fərqini azaltsa da, "dəmiryolçular” qələbəni əldən vermədilər. İkinci hissə daha gərgin keçdi. Bu hissədə Kiattiponq Radçataqriaqkranın yetirmələri fəallıqları ilə seçildilər. II hissənin əvvəlindən "İqtisadçı” hesabda irəlidə olmasına baxmayaraq, təşəbbüsü sonadək qoruya bilmədi. Daha çox səhvlərə yol verən komanda bu dəfə də hissəni məğlub bitirdi - 23:25. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəldi. Bu hissədə komandalar "xala-xal” prinsipi ilə mübarizə aparsalar da, yekunda sevinən tərəf "Azərreyl” klubu oldu. Beləliklə, hər üç hissədə rəqibinə qalib gələn "dəmiryolçular” birinci və ikinci oyundakı məğlubiyyətin əvəzini çıxa bildi. Bu qələbə sayəsində "Azərreyl” "tələbələrlə” aralarındakı xal fərqini 5-ə endirdi.
Voleybol Mərkəzində təşkil olunan ikinci oyunda isə XVII turun bir görüşü keçirildi. Burada "Bakı-Azəryol”la "Rabitə” münasibətlərinə aydınlıq gətirdilər. Ötən həftələrdə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "İqtisadçı” komandasını məğlubiyyətə uğradan "Bakı-Azəryol”un bu dəfə hansı nəticəyə göstərəcəyi maraqla gözlənilirdi. Ancaq onların "Rabitə” komandasına qalib gələcəyi inandırıcı görünmürdü. Çünki "Rabitə” bu mövsüm təşkil edilən bütün oyunlarda yüksək nəticə göstərərək birinci pillədə yer almışdı. Turnir cədvəlində vəziyyətini gərginləşdirməmək üçün "rabitəçilər” bu görüşdən də mütləq qələbə ilə ayrılmalı idi. Məlumat üçün bildirək ki, əzmkar oyunu ilə diqqət çəkən "Rabitə” klubu Çempionlar Liqasında "Dördlər finalı”na vəsiqə qazanıb. Qarşılaşmanın həmin yarışa bir neçə gün qalmış keçirilməsi isə baş məşqçi Marçello Abbondanzaya klubun hazırlıq səviyyəsini yoxlamaq baxımından əla imkan yaradıb. Oyuna gəldikdə isə, görüşün ilk dəqiqələrindən üstünlüyə yiyələnən "Rabitə” ilk texniki fasiləyə 8:2 hesablı üstünlüklə yollandı. Son ölkə çempionu ikinci texniki fasilədə top fərqini 7-yə çatdırdı. Birinci hissədə "Bakı-Azəryol”un etdiyi səhvlərdən yararlanan "Rabitə” qələbəni bayram etdi - 25:17. İkinci hissə isə tamam fərqli keçdi. Belə ki, "Bakı-Azəryol” rəqibinə ciddi müqavimət göstərərək birinci və ikinci texniki fasilələrə üstün yollandı - 8:6, 16:15. Lakin bu, onların qələbə qazanmasına kömək etmədi. Oyunun sonlarına yaxın fəallıq nümayiş etdirən "Rabitə” qələbəni bayram etdi - 25:23. "Bakı-Azəryol”un qələbə qazanmaq istəyi üçüncü hissədə reallaşdı. Aleksandr Çervyakovun yetirmələri bu hissədə əzmkar oyunu ilə diqqət çəkərək rəqibini məğlubiyyətə uğratdı. Lakin onların bundan artığına gücü çatmadı. Növbəti hissədə qalib gələn "Rabitə” aktivinə 3 xal əlavə etdi - 25:12. Beləliklə, "Rabitə” "İqtisadçı”nın məğlub olmasından istifadə edərək bu komanda ilə aralarındakı xal fərqini 5-ə yüksəltdi.
"Azərreyl” isə liderdən 10 xal az toplayaraq ilk "üçlük”də yer aldı.
Martın 3-də isə Super Liqada növbəti turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan XVII tura 2 görüşlə yekun vurulub. Birinci oyunda "Azərreyl” və "Lokomotiv Biləcəri” komandaları üz-üzə gəliblər. Bu mövsüm xal üzünə həsrət qalan "Lokomotiv Biləcəri” klubu yenə xalsız qalıb. Hər üç hissədə rəqibini məğlubiyyətə uğradan "Azərreyl” aktivinə 3 xal əlavə edib- 3:0 (25:23, 25:21, 25:22). Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən birinci və ikinci görüşdə də "Azərreyl” 3:0 hesabı ilə qalib gəlmişdi. Turun ikinci oyununda isə "İqtisadçı” - "Telekom” komandaları qarşılaşıblar - 3:0 (25:19, 25:15, 25:19)
28 fevral
VIII turun təxirə salınmış oyunu
"Azərreyl” - "İqtisadçı” - 3:0 (25:21; 25:23; 25:20)
İlk oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
İkinci oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)
XVII tur
"Bakı-Azəryol” - "Rabitə” - 1:3 (17:25, 23:25, 25:23, 12:25)
İlk oyun: "Bakı-Azəryol” - "Rabitə” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
İkinci oyun: "Rabitə” - "Bakı-Azəryol” - 3:1 (27:29, 25:13, 25:22, 26:24
3 mart
XVII tur
"Azərreyl” - "Lokomotiv Biləcəri” - 3:0 (25:23, 25:21, 25:22)
İlk oyun: "Azərreyl” - "Lokomotiv Biləcəri” - 3:0 (25:11, 25:10, 25:12)
İkinci oyun: "Lokomotiv Biləcəri” - "Azərreyl” - 0:3 (15:25, 11:25, 13:25)
"İqtisadçı” - "Telekom” - 3:0 (25:19, 25:15, 25:19)
İlk oyun: "İqtisadçı” - "Telekom” - 3:0 (25:22, 25:9, 25:21)
İkinci oyun: "Telekom” - "İqtisadçı” - 0:3 (15:25, 17:25, 19:25)