Təsnifat mərhələsində üçüncü yer

Təsnifat mərhələsində üçüncü yer



Makedoniyada keçirilən kişi voleybolçular arasında Avropa çempionatının I təsnifat mərhələsinə yekun vurulub. Komandamızın iştirak etdiyi yarışda Makedoniya millisi qrup birincisi olub. İsveç yığması isə ikinci yeri tutub. Voleybolçularımız isə üçüncü pillədə yer alıblar. Gürcüstan təmsilçiləri turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Voleybolçularımız ilk görüşünü meydan sahiblərinə qarşı keçirib. Komandamızın bu oyunda qalib gəlməyi inandırıcı görünməsə də, voleybolçularımızın yaxşı oyun nümayiş etdirməyini gözləmək olardı. Çünki, komandamız təsnifat mərhələsinə qədər təlim-məşq toplanışlarında güclü məşq keçmişdi. Qeyd edək ki, yığmamız sonuncu təlim-məşq toplanışında Ukraynanın "Barkom-Kajani” klubuna qarşı 3 oyunda qüvvəsini sınamışdı. 5 setdən ibarət olan görüşlərin 2-də millimiz, 1-də isə Lvov təmsilçisi qalib gəlmişdi. Tərəflərin 1-ci qarşılaşmasında yığmamız 3:2 qalib gəlmiş, növbəti qarşılaşmada "yarasalar” 4:1 hesabı ilə millimizdən üstün olmuşdular. 3-cü gün isə yenidən yığmamız Ukrayna komandasını məğlub etmişdi - 3:2. Makedoniya millisinə qarşı oynanılan görüşə gəldikdə isə, millimiz birinci hissədə inamlı təsir bağışlasa da, qələbə qazana bilməyib. Makedoniya millisi ilk hissədə 10 top fərqi ilə qalib gəlib. İkinci hissədə də yığmamız rəqibi ilə bacara bilməyib. Təmsilçilərimiz bu dəfə 8 top fərqi ilə məğlub olublar. Üçüncü hissədə oyunun taleyinə aydınlıq gəlib. Bu hissədə də qalib gələn meydan sahibləri ilk oyuna qələbə ilə başlayıblar. Qrupun digər oyununda isə Gürcüstan millisi İsveç yığmasına məğlub olub. Gürcüstan millisi yalnız oyunun bir hissəsində rəqibindən güclü olub. Qalan hissələrdə qalib gələn İsveç millisi də birinci oyuna qələbə ilə başlayıb - 1:3 (25:19, 26:28, 11:25, 14:25). Sillie Tabares Leonardonun rəhbərlik etdiyi komandamız ikinci oyununu İsveç millisinə qarşı keçirib. Komandamız növbəti mərhələyə keçmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Əks təqdirdə, voleybolçularımız növbəti mərhələyə yüksələ bilməyəcəkdi. Lakin komandamız bunun öhdəsindən gələ bilməyib. İsveç millisi birinci hissədə təmsilçilərimizə 9 top fərqi ilə qalib gəlib. İkinci hissədə komandamız 25:15 hesabı ilə məğlub olub. Sonuncu hissədə isə isveçlilər yığmamızı 25:17 hesabı ilə məğlub edərək, Avropa çempionatının I təsnifat mərhələsində ikinci qələbəsini qazanıb. Tabaresin yetirmələri sonuncu oyununu Gürcüstan millisinə qarşı keçirib. Bu oyun elə də böyük əhəmiyyət kəsb etməsə də, yığmamız rəqibindən üstün oyun nümayiş etdirərək qalib gəlib. Hər üç hissədə voleybolçularımız qələbə qazanaraq turnirdə ilk və sonuncu qələbəsini qazanıb.
Beləliklə, komandamız qrup mərhələsini 3-cü yerdə bitirib. Makedoniya qrup qalibi olub, İsveç isə ikinci yeri tutub.