"Ötən mövsümkü uğurlarıma görə çox sevinirəm. "Vakıfbank” böyük rəqabətə baxmayaraq, titul qazana bildi”. Bu sözləri "Azəryol”un yeni transferi Yovan Brakoçeviç deyib. Serbiyalı voleybolçu Bakı klubu ilə müqavilə bağladıqdan sonra ilk müsahibəsini verib. Türkiyənin "Vakıfbank” klubunun şərəfini qoruyan 26 yaşlı hücumçu öncə keçmiş komandası barədə danışıb. Bu komanda ilə Çempionlar Liqasının da qalibi olan Brakoçeviç bildirib ki, son mövsümdə Türkiyə çempionatının qızıl medalını qazanmaq heç də asan olmayıb: "Bu bir daha onu göstərdi ki, biz əla komandayıq. "Qalatasaray”la oyunlardan yaxşı nümunə götürdük ki, bu da bizə çempionluğu qazanmaq üçün "Fənərbaxça” ilə görüşdə əlavə güc verdi”.
Brakoçeviçin sözlərinə görə, "Azəryol”u seçməsində bəzi məqamlar rol oynayıb. "Düşünürəm ki, artıq "Vakıfbank”la vidalaşmağın vaxtı idi. 2 il bu komanda ilə xoş anlar yaşadım. Növbəti mövsümdə Bakı "Azəryol”unun formasını geyinəcəyəm. Həmin günü səbirsizliklə gözləyirəm. Çalışacağam ki, Bakı klubu üçün faydalı olum”, - deyə Yovan Brakoçeviç qeyd edib.
Onu da deyək ki, Brakoçevoç "Azəryol”la 1 illik müqavilə bağlayıb.