Ötən mövsüm ölkə çempionu olan və Çempionlar Liqasının bürünc mükafatına sahib çıxan "Rabitə” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Komanda daha bir voleybolçunun transferini həyata keçirib. Belə ki, klubun rəhbərliyi italiyalı Françeska Ferretti ilə razılığa gəlib. Təcrübəli voleybolçu ilə 1 illik müqavilə bağlanıb. Məlumat üçün bildirək ki, 30 yaşlı voleybolçu yeni klubuna "Pyaçentsa” klubundan transfer edilib. O, son iki mövsümü məhz bu klubda oynayıb və komanda ilə birlikdə İtaliya çempionu olub. İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu indiyədək vətənində "Reggio”, "Klub İtalia”, "Peruca”, "Çieri”, "Modena” və "Pesaro” klubunun heyətində mübarizə aparıb. 180 sm boya malik Ferretti şərəfini qoruduğu komandların heyətində 5 dəfə A seriyasının, 3 dəfə İtaliya kubokunun, 4 dəfə ölkə Super-kubokunun və 1 dəfə CEV kubokunun qalibi olub. 2003-2011-ci illərdə öz ölkəsinin yığmasının formasını geyinən Françeska bu komanda ilə Avropa çempionu olub və Dünya kubokuna sahib çıxıb. O, həmçinin komandası ilə birlikdə 2 dəfə Qran-prinin finalına yüksəlib və bir dəfə bürünc medala yiyələnib. Qeyd edək ki, Ferretti Katarjina Skorupanı əvəzləməlidir. Çünki polşalı toppaylayıcı üzərində cərrahiyyə əməliyyatı aparıldığından meydana bir qədər gec qayıdacaq. Françeska Ferretti artıq yeni komandası ilə bağlı fikirlərini bildirib: ""Rabitə” yaxşı komandadır. Bu klub çox iddialıdır. Qarşıdakı mövsümdə bacardıqca çox titul qazanmağa çalışacaq”. İtaliyalı toppaylayıcı Azərbaycan çempionu ilə 1 illik müqavilə bağlamasına da münasibət bildirib: "Əminəm ki, ən düzgün seçim etdim, Bakı klubuna üstünlük verdim. Bu, mənim ölkə xaricində oynayacağım ilk komanda olacaq”. Ferretti son 2 mövsümdə oynadığı və hazırda pis vəziyyətdə olan köhnə komandası ilə bağlı bunları deyib: "”Pyaçentsa”nın maliyyə böhranı ilə üzləşməsi İtaliya voleyboluna növbəti böyük bir zərbədir. Mən 2 ilimi bu komanda da keçirmişəm və güclü bir komanda da olduğunu deməliyəm. Amma təəssüf ki, onlar Çempionlar Liqasında və A seriyasında oynamaqdan artıq imtina ediblər”.
İtaliyalı voleybolçunun transferi ilə "Rabitə”də yeni oyunçuların sayı 20-yə çatıb. Bakı təmsilçisi ona qədər Katarjina Skovronska, Aurea Kruz, Nataşa Krsmanoviç (hər üçü 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da müqavilənin müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da "Rabitə”yə məxsusdur.
Qeyd edək ki, komanda Ferrettidən əvvəl kubalı Ana Klegerlə müqavilə imzalayıb. Əsas mövqeyi toppaylayıcı olan, lakin hücumda da mübarizə apara bilən 25 yaşlı voleybolçu ilə 5 illik müqavilə bağlanıb. 183 sm boya malik mərkəzi amerikalı oyunçu, əsasən, yerli "Santiaqo de Cuba” klubunda çıxışı ilə tanınıb. Ferretti ilə bərabər, onunda Katarjina Skorupanın əvəzləyicisi kimi də baxmaq olar.