Voleybolçumuz rekordunu təkrarlaya bilmədi

Voleybolçumuz rekordunu təkrarlaya bilmədi

Qadın voleybolçular arasında Rusiya Superliqasının ən yaxşılarının adları açıqlanıb. "Omiçka”nın şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova ötən mövsümdəki uğurunu təkrarlaya bilməyib. Superliqanı 3-cü yerdə bitirən Məmmədova bu dəfə çempionatın ən çox fərqlənən voleybolçusu adını təhvil verməli olub. Bu da səbəbsiz deyil. Çünki zədə üzündən bəzi oyunları və pley-off mərhələsini buraxan hücumçunun rəqiblərinə çatması qeyri-mümkün idi. 21 matçda meydana çıxan Məmmədova "Omiçka”ya 340 xal qazandırıb. 2012/2013-cü illər mövsümü ilə müqayisədə 2 dəfə az xal yığan 30 yaşlı voleybolçu bu göstərici ilə 8-ci yeri tutub. Super-liqanın ən çox fərqlənən voleybolçusu adını isə ötən il 2-ci olan, bu il çempionatın gümüş medalına yiyələnən Natalya Obmoçayeva ("Dinamo”, Moskva) qazanıb. Onun 478 zərbəsi dəqiq alınıb. İkinci yeri növbəti çempionluğunu bayram edən Kazan "Dinamo”sunun lideri Yekaterina Qamova tutub - 465 xal. İlk "üçlüy”ü isə Məmmədovanın komanda yoldaşı Nensi Karrilyo tamamlayıb. O, 448 xalla "Omiçka”nın ən çox fərqlənən oyunçusu adına da sahib olub.
Qeyd edək ki, Natalyanın Rusiya çempionatındakı şəxsi rekordu 731 xaldır. O, bunu 2009/2010-cu illər mövsümündə Krasnodar "Dinamo”su ilə Super-liqanın bürünc medalını əldə edərkən qazanıb.