“Dəmiryolçular” heyətini gücləndirir

“Dəmiryolçular” heyətini gücləndirir



Super-liqada mübarizə aparan komandalar növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Digər klublar kimi "Lokomotiv”də köklü dəyişikliklərə başlayıb. Bu başa düşüləndi. Çünki, ötən mövsüm komanda heç bir nailiyyət qazanmadı. Artıq yeni mövsümdən etibarən hazırlıqlarına başlayan "dəmiryolçular” baş məşqçilərini dəyişdilər. Belə ki, hollandiyalı Teunis Buijs komandaya baş məşqçi təyin edildi. Klub rəhbərliyi 54 yaşlı mütəxəssislə 2 illik müqavilə bağladı. Hollandiyalı mütəxəssisinin komandaya gətirilməsinin də əsas məqsədi ən azından Super-liqada mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaqdır. Təcrübəli mütəxəssisin karyerasına gəlincə isə, o, məşqçiliyə başlamamışdan əvvəl oyunçu kimi mübarizə aparıb. O, öz ölkəsinin yığmasının heyətində 321 qarşılaşmada qüvvəsini sınayıb. "Lokomotiv” klubunun yeni baş məşqçisi məşqçilik fəaliyyətinə 1991-ci ildən başlayıb. Buijsin ilk klubu yerli "Zaanstad” komandası olub. O, qadınlardan ibarət Hollandiya millisində də işləməyə başlayıb. Bu komandada 2006-2009-cu illərdə Avital Selindjerin köməkçisi olub və 2007-ci ildə komandası ilə birlikdə Qran-prinin qızıl medalını qazanıb. Daha sonra İsveçrədə kişilərdən ibarət "Lozanna” komandasına məşqçilik edən Buijs komandası ilə birgə Superkuboku qazanıb və ölkə kubokunun finalına kimi irəliləyib. Hollandiyalı mütəxəssis Almaniyada da məşqçilik fəaliyyəti ilə məşğul olub. Kladio Kuellonu əvəzləyən məşqçi əvvəlcə "Buttrop 90” (2009-2011) klubuna rəhbərlik edib. "Şveriner” klubu ilə birgə Teunis 2 dəfə Almaniya çempionu olub. Yeni baş məşqçinin Super-liqada hansı uğura imza atacağı çox maraqladır. Çünki, digər ölkələrə nisbətən Super-liqada rəqabət çox güclüdür. Artıq digər komandalarımız da adlı sanlı voleybolçuların keçidini reallaşdırıb. Bunu nəzərə alsaq növbəti mövsümdə rəqabətin güclü olacağını desək yanılmarıq.
Buna görə "Lokomotiv” baş məşqçi ilə yanaşı bir neçə voleybolçunun keçidini də reallaşdırıb. Belə ki, klub Azərbaycan millisinin blokçusu Ayşən Abduləzimova ilə razılığa gəlib. 21 yaşlı voleybolçu növbəti 2 ildə bu komandanın uğurları üçün çalışacaq.
"Dəmiryolçular” ABŞ millisinin voleybolçusu Karli Lloydin keçidini həll ediblər. Yeni mövsümdən "Lokomotiv”in uğurları üçün çalışacaq 25 yaşlı toppaylayıcının növbəti ildə də Bakı klubunda qalacağı istisna deyil. 178 sm boya malik amerikalı İtaliyanın "Konegliano” klubundan transfer edilib. 2011-ci ildən millisinin şərəfini qoruyan Karli daha öncə vətənində "Kaliforniya Berkeley” (2007-2010) və Apennin yarımadasında "Yamamay” (2011-2013) klublarının şərəfini qoruyub. O, Busto Arsizo təmsilçisi ilə İtaliya A seriyasının, kubokunun və Superkubokunun sahibi olub. Millisinin heyətində Panamerika Oyunlarının çempionu (2012) və ikincisi (2011) adına da yiyələnib. Komanda Yunanıstan millisinin kapitanı Evangeliya Çantavanı da komandanın heyətinə cəlb edib. "Vrilissia” klubunda mübarizə aparan 24 yaşlı hücumçu "Lokomotiv”lə 1 illik razılığa gəlib. 185 sm boya malik oyunçu müvafiq olaraq, "Terre Verdiane” (2011/2012) və "Karşıyaka”ın (2012/2013) uğurları üçün qüvvəsini sınayıb. Evangeliya karyerasında ilk rəsmi müqaviləni isə 15 yaşında bağlayıb. O, "İraklis”ə keçməklə (2005-2006, 2008-2009) digər klubların diqqətini də özünə cəlb edib və cəmi 1 il sonra Yunanıstan millisində oynamağa başlayıb. 2009-2011-ci illərdə "Olimpiakos”da forma geyən yunan gözəli burada ölkə kubokunu qazanmaqla yanaşı, yarışın ən dəyərli voleybolçusu (MVP) adına yiyələnib. Qeyd edək ki, Çantava ilk peşəkar klubu ilə Yunanıstan çempionatının gümüş medalına (2009) da sahib olub. Paytaxt təmsilçisinin yeni transferi yeni komandası ilə bağlı fikirlərini bildirib: "Mən Bakı klubu ilə müqavilə bağladığım üçün çox xoşbəxtəm. Komandamız Azərbaycan Super Liqası ilə yanaşı, CEV kubokunda gücünü yoxlayacaq. İndidən oyunların ağır və gərgin keçəcəyini söyləmək olar. Lakin bizi ağır mövsümün gözləməsinə baxmayaraq, üzərimizə düşən işin öhdəsindən gələcəyimizə ümid edirəm”.
Çantava ilə yanaşı Lokomotiv” İtaliya millisinin aparıcı voleybolçusu Valentina Arriqettini də heyətinə cəlb edib.
29 yaşlı blokçu 2014/2015-ci illər mövsümündə "dəmriyolçular”ın şərəfini qoruyacaq. Arriqetti yeni komandasına "Yamamay” klubundan transfer edilib. 187 sm boya malik oyunçu daha öncə "Klub İtaliya” (2000-2002, gənclər), "Padova” (2002-2003), "Promo Frenze” (2003-2004), "Kavazzale” (2004-2005), "Viçentsa” (2005-2007) və "Foppapedretti” klublarının şərəfini qoruyub. O, bu komandalarla 2 dəfə Çempionlar Liqasını (2009, 2010), 1 dəfə İtaliya A seriyasının (2011), 1 dəfə ölkə kubokunu (2008) və 2 dəfə Superkubokunu (2011, 2012) qazanıb. 2006-cı ildən yığmasının formasını geyinən oyunçu Avropa çempionatının və Çempionlar kubokunun qızıl medallarını (hər ikisi 2009) qazanıb. O, həmçinin 2007-ci və 2009-cu illərdə Dünya Qran-prisinin üçüncüsü adına yiyələnib.