"Lokomotiv”dən ayrılacaq daha bir voleybolçunun adı məlum olub. "Dəmiryolçular” çexiyalı Tereza Matuşkova Rossinin ardınca Milena Radeçka ilə də müqavilənin müddətini uzatmaqdan imtina ediblər. Artıq 30 yaşlı polşalı toppaylayıcı özünə yeni klub axtarışındadır. Onun vətənindəki yerli klublardan birinə keçəcəyi gözlənilir.
Bunun əvəzində komanda daha bir yeni voleybolçunu heyətinə cəlb edib. Digər klublarımızla müqayisədə daha fəal olan "dəmiryolçular” hollandiyalı voleybolçunun keçidini rəsmiləşdiriblər. 2014/2015-ci illər mövsümündə avrokubokla yanaşı, Super-liqada da mükafatçılar sırasında olmaq istəyən "dəmiryolçular” Quinta Stenbergenlə rəsmi müqavilə imzalayıblar. 29 yaşlı blokçu "Lokomotiv”ə Çexiyanın "Agel” klubundan transfer edilib. O, öz ölkəsinin millisinin heyətində 90 matçda qüvvəsini sınayıb.
"Amstelveen” klubu ilə Hollandiya kubokunun (2005), Almaniyanın "Şveriner” klubu ilə ölkə çempionatının və kubokunun (2013) qalibi olub. O həmçinin "Agel” klubu ilə Çexiyanın ən güclüsü adını qazanaraq, kuboku da başı üzərinə qaldırıb.
Quintanın gəlişi ilə komandada rəsmi müqavilələrin sayı 6-ya çatıb. "Lokomotiv” ona qədər Ayşən Abduləzimova (Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ) və Evangeliya Çantavanı (Yunanıstan) da heyətinə cəlb edib.