Yeni mövsüm üçün heyətini formalaşdıran "Lokomotiv” daha 2 voleybolçunun keçidini həll edib. "Dəmiryolçular” Hollandiya millisinin hücumçusu Enn Buijs və almaniyalı libero Lisa Tomsenlə müqavilə imzalayıblar. Onların hər ikisi 2014/2015-ci illər mövsümündə Bakı klubunun uğurları üçün mübarizə aparacaqlar.
"Lokomotiv”in bir müddət əvvəl baş məşqçi postuna gətirdiyi Teon Buijsin qızı olan Enn, komandanın yeni transferi Valentina Arriqqetti kimi, son mövsümü İtaliyanın "Yamamay” klubunda keçirib. O, Azərbaycana gələnə qədər öz ölkəsi ilə yanaşı, Belçika və Almaniyada legioner həyatı yaşayıb. 23 yaşlı Buijs "Amstelveen”lə 3 dəfə Hollandiya çempionu, eyni sayda ölkə kubokunun qalibi (2008, 2009, 2010) və 2 dəfə Superkubokun sahibi (2009, 2009) olub. O, həmçinin "Kielderxt”lə Belçika çempionatını və kubokunu (2011), "Şveriner”lə isə Almaniya Bundesliqasının qızıl medalını və 2 dəfə ölkə kubokunu (2012, 2013) qazanıb. 191 sm boya malik hücumçu "Yamamay”ın tərkibində A seriyasının finalında da qüvvəsini sınayıb. 2009-cu ildən Hollandiya millisinin heyətinə dəvət alan Enn burada 27 matçda iştirak edib. 29 yaşlı Tomsen isə son mövsümü "Azəryol”da oynayıb. Bakı klubunda iştirakla ilk dəfə legioner həyatını məhz Azərbaycanda yaşayan voleybolçunun əsas titulları 2009-2013-cü illərdə çıxış etdiyi "Şveriner”lə bağlıdır. Lisa bu klubla 2 dəfə Almaniya çempionu (2011, 2012), 1 dəfə də ölkə kubokunun (2012) sahibi olub. Onun medal kolleksiyasında "Azəryol” klubu ilə qazandığı Super Liqanın gümüş medalı da var. Tomson Almaniya millisinin heyətində son Avropa çempionatının bütün oyunlarının iştirakçısı olub və bu komanda ilə 2011-2013-cü illərdə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, "Lokomotiv”in bununla da yeni transferlərinin sayı 8-ə çatıb. Komanda Buijslə Tomsenə qədər Ayşən Abduləzimova (Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Quinta Stenbergen (Hollandiya) və Evangeliya Çantavanı (Yunanıstan) da heyətinə cəlb edib.