Qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) bütün iştirakçıları müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirinin son 2 mövsümündə 3 komanda ilə təmsil olunan Azərbaycan bu dəfə 2 klubla yarışda iştirak edəcək. Belə ki, ÇL-də ölkəmizin idman şərəfini Super Liqanın qalibi "Rabitə” və finalçısı "Azəryol” qoruyacaq. Azərbaycanın turnirdə 3 komanda ilə iştirak etmək şansı yüksək idi. Lakin "İqtisadçı”nın çətin günlərini yaşaması və "wild card” üçün sifariş belə verməməsi onların yeni mövsümdə iddialı olmayacağını bir daha ortaya qoyub. Nəticədə yeni mövsümdə yalnız Rusiya və Türkiyə ÇL-də 3 komanda ilə təmsil olunacaq. Beləliklə, ÇL-də 12 ölkədən 20 komanda iştirak edəcək. Bakı klublarının potensial rəqibləri "Agel” (Çexiya), "Salo” (Finlandiya), "Kann”, "Nant” (hər ikisi Fransa), "Dresdner” (Almaniya), "Pyaçentsa”, "Yamamay” (hər ikisi İtaliya), "Ximik”, "İmpel” (hər ikisi Polşa), "Stiinta” (Rumıniya), "Dinamo” (Kazan), "Dinamo” (Moskva), "Omiçka” (hər üçü Rusiya), "Partizan” (Serbiya), "Volero” (İsveçrə), "Vakıfbank”, "Fənərbaxça” və "Əczaçıbaşı” (hər üçü Türkiyə) klubları olacaq.
Qeyd edək ki, ÇL-in püşkatması iyunun 27-də keçiriləcək və 20 komanda 5 qrupa bölünəcək. Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.