Qadın voleybolçular arasında Çempionlar Liqasının 2014/2015-ci illər mövsümü üçün püşkatma mərasimi keçirilib. Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə Azərbaycanın "Rabitə” və "Azəryol” klublarının rəqiblərinin adı açıqlanıb.
Super-liqanın qalibi A qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin bəxtinə Türkiyə klubları çıxmasa da, püşk onları çətin rəqiblərlə üz-üzə qoyub. Belə ki, "Rabitə” mərhələ adlamaq üçün Çempionlar Liqasının, dünya çempionatının və Rusiya Super-liqasının son qalibi Kazan "Dinamo”su, Polşanın ən güclüsü "Ximik” və Çexiya çempionu "Agel”lə mübarizə aparacaq. Azərbaycan çempionatının ikincisi "Azəryol”un isə bəxtinin gətirdiyini demək olar. Yeni mövsümdən Aleksandr Çervyakovun rəhərlik edəcəyi komanda Türkiyə və Fransanın gümüş medalçıları, müvafiq olaraq, "Fənərbağça”, "Nant” və Rumıniya çempionatının qalibi "Stiinta” ilə qarşılaşacaq.
Digər qruplara gəlincə, D və E qruplarında da gərgin mübarizənin gedəcəyi gözlənilir.
Qeyd edək ki, reqlamentə əsasən 20 komanda 5 qrupda mübarizə aparacaq. Onlar bir-biri ilə ev-səfər prinsipi ilə oynadıqdan - 6 turdan sonra "dördlük”də ilk 2 yerin sahibi və 3-cü yeri tutacaq 2 ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. "Dördlər finalı”nın ev sahibi bu komandalar arasında müəyyənləşəcəyindən isə yerini 3-cü ən yaxşı 3-cü pilləni tutacaq kollektivə verəcək. Qrup mərhələsinin ilk turu noyabrın 12-də start götürüb, yanvarın 28-də başa çatacaq. I pley-off mərhələsi fevralın 11-də və 18-də II pley-off mərhələsi martın 4-də və 11-də oynanılacaq. "Dördlər finalı” isə həmişəki kimi martda deyil, apreldə təşkil olunacaq. Yarımfinalçılar aprelin 4-də üz-üzə gələcək, mükafatçılar 1 gün sonra dəqiqləşəcək.
A qrupu
"Dinamo” (Kazan, Rusiya)
"Rabitə” (Azərbaycan)
"Ximik” (Polşa)
"Agel” (Çexiya)
B qrupu
"Fənərbaxça” (Türkiyə)
"Azəryol” (Azərbaycan)
"Nant” (Fransa)
"Stiinta” (Rumıniya)
C qrupu
"Dinamo” (Moskva, Rusiya)
"Yamamay” (İtaliya)
"Dresdner” (Almaniya)
"Salo” (Finlandiya)
D qrupu
"Əczaçıbaşı” (Türkiyə)
"Omiçka” (Rusiya)
"İmpel” (Polşa)
"Volero” (İsveçrə)
E qrupu
"Vakıfbank” (Türkiyə)
"Pyaçentsa” (İtaliya)
"Kann” (Fransa)
"Partizan” (Serbiya)