"Lokomotiv” klubu daha bir ulduz voleybolçunun keçidini həll edib. Bakı təmsilçisi Çexiya millisinin hücumçusu Aneta Havlikovanı yenidən komandaya cəlb edib. CEV kubokunda ölkəmizi təmsil edəcək "dəmiryolçular” 2012/2013-cü illər mövsümündə heyətində oynamış 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıblar. 190 sm boya malik Havlikova kifayət qədər təcrübəli voleybolçu sayılır. 2006-cı ildə ilk peşəkar müqaviləsini bağlayan Havlikova "Praqa” klubunun heyətində mübarizə aparıb. Onlarla ölkə çempionu adını qazanan hücumçu 2007-ci ildə Hollandiyanın "Veert” klubuna keçib və burada 2 mövsüm oynayıb. O, İtaliyanın "Urbino” (2009-2010) və "Yamamay” (2010-2012) klublarının formasını geyinib və çıxışı uğurlu alınıb. Havlikova 2011/2012-ci illər mövsümündə Busto Arsizo təmsilçisi ilə A seriyasının, CEV və İtaliya kubokunun qızıl medallarını qazanıb. O, həmçinin CEV kubokunun yekunlarına görə, turnirin ən dəyərli voleybolçusu seçilib. Ardınca "Lokomotiv”də 2012/2013-cü illər mövsümündə Super-liqanın bombardiri adına layiq görülüb.
2007-ci ildən millisinin şərəfini qoruyan Anita bu komanda ilə Avropa Liqasının çempionu tituluna da yiyələnib. 2012-ci ildə bu nailiyyətə imza atan Havlikova turnirin ən dəyərli oyunçusu adını isə heç kimə güzəştə getməyib. Qeyd edək ki, bununla da "Lokomotiv”in yeni transferlərinin sayı 10-a çatıb. Komanda Havlikovaya qədər Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya) və Evangeliya Çantavanı (Yunanıstan) da heyətə cəlb edib. "Dəmiryolçular” "sükanı”nı da hollandiyalı Teon Buijsə həvalə ediblər.